...

Azərbaycanın xalq artisti Akif İslamzadə: "Dırnaqarası sənətçilər millətin ziyanınadır"

Cəmiyyət Materials 11 İyul 2007 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /müx.TrendLife Günel Əhmədova/"Hərdən elə dırnaqarası musiqilər, kompazisiyalar eşiridəm ki, bilmirəm gülüm, yoxsa ağlayım. Peşəkarların sənətdən uzaqlaşmasına məhz bu kimi qlobal problemlər səbəb olur. Çünki professional musiqini professional ifalar yaşadır. İndi bunlar barmaqla sayılacaq həddə çatıb. Bu da dırnaqarası sənətçilərə meydan açıb. Bu millətin, cəmiyyətin zərərinədir" - deyən xalq artisti Akif İslamzadə fikirlərini TrendLife-la bölüşdü. Onun fikrincə, Habil Əliyevin kamançanı bir də əlinə almayacağı barədə dedikləri həqiqətəuyğun ola bilməz:

"Hər bir sənətkarın usanan dövrü olur. Ancaq bu uzun sürmür. Bilirəm ki, əsil sənətkar səhnədən uzaq düşə bilməz. Amma Habil müəllimin belə bir qərar çıxarması mədəniyyətimizin axsaması deməkdir. Onlar məktəblərini qurmalı, davamçılarını yetişdirməlidirlər".

A.İslamzadə eyni zamanda bildirdi ki, bu gün sənətkarlar yalnız şou-biznesdə baş verənləri tənqid etməklə məşğuldurlar, amma bu, bir o qədər yaxşı göstərici deyil.

"Biz həm də yaxşı olanlar barədə danışmalıyıq. İstedadlı gənclərimiz var. Pessimistliyə qapanıb, onları ruhdan salan fikirlər söylənilməməlidir. Əgər onları itirib, yalnız pislər barədə danışsaq, incəsənətin taleyini uçuruma aparmış olarıq. Mənə elər gəlir ki, problemin bir qolunu yeni intellektual televerilişlər açıb gəncləri ora cəlb etmək mümkündür. Bir neçə il öncə bütün televiziyalarda maraqlı intellektual verilişlər, tok-şoular var idi. Tədricən onların sayı azalmağa başladı. Əvəzinə insanların mənəviyyatına təsir göstərən şou-proqramlar göbələk kimi çıxıb efiri ağzına aldı. Əgər köhnə ənənəni bərpa edə bilsək, səviyyəni də artırmış olarıq", - deyən Akif İslamzadə hesab edir ki, bu işə öncə telekanal rəhbərləri maraq göstərməlidirlər. Xalq artistinin fikrincə, bu cür mübarizə üsulları şou-biznesin də inkişafına səbəb ola bilər:

"Əfsuslar olsun ki, uzaq ölkələrdə maraqla izlənilən şou-biznesin bizə qalıqları gəlib çıxıb. Əslində, bu, anlam vurub-yıxmaq, səviyyəsiz şoularlarla məhdudlaşmır. Ümumiyyətlə, bu ifadalər bizdə şounun yazılmamış qanununa çevirilib. Kim nə icad edirsə, şou-biznesin ayağına yazır. Avropa ölkələrində şou-biznes nümayəndələri xüsusi hörmətlə təqdim edilir. Çünki bu sözün arxasında maraqlı layihələr, yaxşı mənada rəqabətlər durur. Bir az əvvəl haqqında danışdığım intellektual verilişləri yaratmağın vacibliyi həm də ondadır ki, müğənniləri ora cəlb edib ağıllı şeylər düşünməyə yönəltmək lazımdır".

Bir müddət öncə master-klasslar təşkil edəcəyi barədə məlumat verən A.İslamzadə sonda qeyd etdi ki, layihənin hazırlıqları davam edir:

"Bura səs imkanaları olan tələbələr qəbul ediləcək və böyük ustadlar çalışacaqlar. Hesab edirəm ki, bu məktəb istedadlı gəncləri üzə çıxarmaq üçün bir vasitə olacaq".

Xəbər lenti

Xəbər lenti