Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ İyulun 14-də Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının 9 ili tamam olur. Konstitusiya Məhkəməsindən Trend ə bildirilib ki, qurumun fəaliyyətə başlamasının yubileyinə hazırlıq gedir. Məhkəmənin yaradılmasının 10 ili münasibətilə Konstitusiya Məhkəməsinin ötən dövr ərzindəki fəaliyyətini əks etdirən nəşrlərin hazırlanması, Bakı şəhərində yüksək səviyyəli beynəlxalq tədbirin həyata keçirilməsi planlaşdırılır.
1998-ci il iyul ayının 14-də Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi nəticəsində və iyul ayının 18-də prezident Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədi ilə imzaladığı fərmanla bu orqan rəsmi fəaliyyətə başlayıb.Konstitusiya Məhkəməsi tərəfindən konstitusiya ədalət mühakiməsi ölkəmizdə məhkəmə hakimiyyətinin yeni fəaliyyət istiqaməti kimi nəzərdən keçirilir. Əsas yurisdiksiyası Konstitusiya nəzarətinin təmin edilməsindən ibarət olan Konstitusiya Məhkəməsinin məqsədləri Konstitusiyanın aliliyini təmin etməkdən, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdən ibarətdir. Məhz buna görə konstitusiya ədalət mühakiməsi hakimiyyət sisteminin demokratikləşdirilməsinin, insan hüquqlarının müdafiəsinin və hüququn aliliyinin təmin edilməsinin aparıcı mexanizmlərindən biri kimi qəbul edilir. Bu anlayış normativ hüquqi aktlar sisteminə nəzarət, qanunvericiliyə uyğun olaraq bu sistemin Konstitusiyaya uyğunluğunun yoxlanılması, Konstitusiya və qanun normalarının rəsmi və məcburi xarakter daşıyan şərhi vasitəsilə hüququn inkişafı, hüquq tətbiqi təcrübəsinin təkmilləşdirilməsi və düzgün istiqamətləndirilməsi, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı yaranmış mübahisələrin həlli və sair kimi əhəmiyyətli səlahiyyətləri ehtiva edir.