...

Elmira Şabanova: "Əvvəlki teatr ənənəsi aktuallığını itirib"

Cəmiyyət Materials 17 İyul 2007 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /müx. "TrendLife" Günel Əhmədova/ "Sənətə 45 yaşımdan gəldiyim üçün mənə ana obrazlarını həvalə ediblər. Bu, təsadüfi bir gəliş deyil. Teatr və kinoda olmadığım hər günün mənəvi əzablarını özümdə hiss etmişəm. Amma qadın üçün ailə önəm daşımalıdır. Efirdən mənə uyan obrazları izlədikcə, səhnəyə qayıtmaq arzuçu ilə çırpınırdım. Amma buna mane olan şəxs var idi. Qismət elə gətirdi ki, tale yolu məni yenidən teatr və kino aləminə gətirib çıxardı" - bu sözləri "TrendLife"ın müxbiri ilə söhbətində xalq artisti Elmira Şabanova söylədi. Aktrisa qismətindən gileyli olmasa da, "Sənətə uzun illərdən sonra qayıdışım taleyimdə öz izlərini buraxıb" deyir. Hələ tələbə ikən ilk dəvət aldığı "Səhər" filmindəki Sevda rolundan sonra o, gələcək həyat yoladşı, kinorejissor Rüfət Şabanovla tanış olub və ailə qurublar. Ailə başçısı həyat yoldaşının sənətlə məşğul olması üçün qadağalar tətbiq etməyib. Amma Elmira xanımın dediyinə görə, qaynanası təkidlə onun evdə oturub, ailəsinin qulluğunda durmasını tələb edib. Elmira xanım uzun illər qaynana iddasının qurbanı olub. Hətta həyat yoldaşının işə qarışması belə heç nəyi həll etməyib. Qaynana gəlininin kino aləminə qayıtması ilə razılaşmayaraq, onu hökmünə qul edib. Baxmayaraq ki, Sevda rolundan sonra Elmira xanıma dəfələrlə bir çox filmlərdə baş rolu oynamaq təklifi gəlirdi. Əgər bu təkliflər vaxtilə qəbul olunsa idi, aktrisa bir çox milli filmlərin qəhrəmanı kimi tarixdə qalardı:

"Övladlarımı böyütdüm, indi hamısı ayrı-ayrılıqda ailə-uşaq sahibidirlər. Öz istəyimlə onlardan ayrı yaşayıram. Qalan ömrümü sırf kino və teatr aləminə sərf edəcəyimə söz vermişəm. Rüfət Şabanov ömrünün sonlarında mənim sənətə qayıtmağımı israrla bildirirdi. Amma xəstə vaxtında onun mənə ehtiyacı olduğunu görüb, bu dəfə mən razı olmadım. Onun vəfatından bir neçə il sonra Eyyub Yaqubovun "Ana" klipində mənə eyniadlı obraz təklif edildi. O vaxtdan kliplərdə, kino aləmində ana qalereyasında onlarla obraz yaratmışam. 45 yaşından sonra sənətə qayıdan aktrisa ancaq bu obrazda oynaya bilərdi. Bu, həm də mənim içimdən gəlirdi. Bu obrazlar bəzən gənc ailələrin tərbiyəsinə də böyük təsir göstərib. "Gəlinlər" tele-tamaşasındakı ana rolundan sonra bir neçə ailə başçısı həyat yoldaşının anası ilə barışdığını mənə deyib. Amma həvəsdi, bəsdi. Daha başqa obrazlar oynamaq istəyirəm". Teatr səhnəsinə böyük həvəs göstərdiyini dilə gətirən aktrisa repertuar boşluğundan narahat olduğunu gizlətmədi.

"Düzdür, iki-üç aydan bir teatrlarda yeni əsərlər oynanılır. Amma əvvəlki teatr ənənəsi aktuallığını itirib. İnsanı darıxdıran, mənasız əsərlər daha çox səhnələşdirilir. Bu üzdən də obraz seçməkdə çətinlik çəkirəm. Yaşlı qadın teatr və kinoda ancaq ana obrazları yaratmaq üçün çalışmamalıdır. Əgər dramaturqlar əsərlərini zənginləşdirə bilsələr, teatrlara da axın güclü olar. Son illər dövlətin sənətə diqqəti artıb. Bunu nəzərə alıb səviyyəli əsərlər yazılmalıdır ki, teatr da inkişaf etsin" - deyə Elmira xanım bildirdi.

Xəbər lenti

Xəbər lenti