Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ İndiki durumda Azərbaycanda müstəqil mətbuat ümumi mətbuat orqanlarının 3-4%-ni təşkil edir. Bu bəyanatla cümə axşamı Milli Mətbuat Günü ilə bağlı Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib.
Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu kimi siyasiləşmiş, partiya mətbuatı yoxdur. "Azərbaycanda bir neçə qəzeti olan müxalifət və iqtidar təmsilçiləri də var. Ona görə də Mətbuat Şurası yaxın vaxtlarda problemin həlli üçün bütün siyasi partiya rəhbərlərinə müraciət edəcək. Müraciətdə partiya qəzetlərinin ictimai-siyasi qəzet kimi qələmə verilməməsi xahiş olunacaq. Bu cür qəzetlər ancaq partiya daxilində yayılmalıdır" - deyə Amaşov əlavə edib.
Amaşov hesab edir ki, Azərbaycanda mətbuatın səviyyəsi inkişaf etmiş ölkələrdən aşağıdır. Onun sözlərinə görə, Azərbaycanda mövcud olan mətbuat orqanlarının hamısı cəmi bir milyona yaxın nüsxə ilə çap olunur. Ancaq qonşu Rusiyada elə qəzetlər var ki, gündə iki milyon nüsxə ilə çap olunur.
Azərbaycanda Milli Mətbuat Günü iyulun 22-də qeyd olunur. Ölkədə 600-ə yaxın mətbuat orqanı qeydiyyatdadır.