Azərbaycan, Bakı, 20 iyul /müx. "TrendLife" Suleyman Vəliyev/ Biz necə də xarici estrada ulduzları önündə alçalmağı sevirik. Onların bəziləri öz ölkələrində heç kimdirlər. Öz müğənnilərimizi isə qiymətləndirmirik. Bu barədə "TrendLife"ın müxbiri Azərbaycanın xalq artisti, canlı əfsanə Nisə Qasımovanın fikrini öyrənmək istədi. Qubin, Şubin kimilərin önündə baş əyməklə böyük səhvə yol verirlər. İlk növbədə insan özünə hörmət etməlidir. Belə olan halda sənə və sənin millətinə hörmət edirlər. Qoy məndən inciməsin türk müğənniləri. Bir-ikisini çıxmaq şərti ilə onların heç biri bizim müğənnilərin atılan dırnağına da dəymirlər.
- Siz Moskvada işləmisiniz. Bizim musiqini təbliğ etmisiniz. Lakin yeni nəsil Biləcəridən kənara çıxmaq niyyətində deyil, toy pullarını yığmaqdan böyük zövq duyurlar. Belə olan halda estradamız öz şirəsində bişir, sıyığa çevrilir, sonra da durğunluq yaranır.
- Kim ki maddi imkan arxasınca qaçır, mütləq evi, maşını, villası olacaq. Kim ki yaradıcılıq, peşəkarlıq arxasınca qaçır, onun da hər şeyi olacaq. Sadəcə bir az vaxt lazımdır. Fərq isə ondadır ki, pul gəlib, gedir. Ad isə daima qalır. Bizdə həqiqətən istedadlı gənclər var ki, onların sponsoru, "adamları" olmadığından irəli gedə bilmirlər. Buna görə də Mədəniyyət və Turizm Nazirliyi xüsusi proqram hazırlamalıdır ki, istedadlı gənclər irəli getsin.
- Bəlkə öz məktəbinizi təşkil edəsiniz və orada master-klass verəsiniz?
- Nə qədər ki, canımda can var, hər kəsə kömək etməyə hazıram.
- Müasir müğənnilər özlərinə diqqəti çəkmək üçün bir çox yollara əl atırlar. Bəziləri imiclərini dəyişir, bəziləri plastik cərrahiyə əməliyyatları edirlər, bəziləri isə saçlarını rəngləyib, tatuaj edirlər...
- Hər şeyin öz həddi olmalıdır. Məsələn, tatuaj sənəti hələ qədimdən var. Bəziləri bunu yaraşıq üçün edir. Mən tatuajın əleyhinə deyiləm. Ancaq bədəndə əcaib heyvan, şeytan rəsminin çəkilməsinin tam əleyhinəyəm. Mənim də ağlıma belə bir fikir gəlmişdi ki, əlimin üstündə "Allahu Akbar" sözünü yazdırım. Sonra fikirləşdim ki, əllərim çox vaxt çirklənir. Həm də istədiyin insanla bunu məsləhətləşməlisən. Bəlkə sənin bu addımın onun xoşuna gəlməyəcək? Onda nəyə görə bunların hamısını etməlisən?