...

"Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidentinin şəxsi poçtunun məhkəmədə açılması ilə bağlı vəsatət təmin edilib

Cəmiyyət Materials 30 İyul 2007 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və digər 17 nəfərin məhkəməsi şahid ifadələri ilə davam etdirilib.

İclasda "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti R.Əliyevin vəkili Əlimərdan Sadıqov 4 hissəli vəsatətlə çıxış edib. Vəsatətin birinci hissəsi R.Əliyevə məxsus şəxsi poçtun məhkəməyə gətirilməsi ilə bağlı olub. Vəkil hesab edir ki, əgər R.Əliyevə məxsus poçt məhkəmədə araşdırılsa, o zaman çox həqiqətlər üzə çıxacaq. Vəsatətin ikinci hissəsi R.Əliyevə məxsus "noutbuk"un ibtidai istintaqdan alınaraq məhkəməyə gətirilməsi ilə bağlı, üçüncü hissəsi "Ernest yank" audit şirkətinin "Azpetrol"da apardığı vergi yoxlamalarının rəylərinin məhkəməyə təqdim olunması, dördüncü hissəsi isə "Azpetrol"un Şıxov qəsəbəsindəki ərazisinə baxış keçirilməsi ilə bağlı olub. Vəkilin sözlərinə görə, audit şirkəti "Azpetrol"da vergi yoxlamaları apararkən heç bir vergi pozuntusu qeydə alınmayıb. Vəsatətin sonuncu hissəsinə gəlincə isə vəkilin sözlərinə görə, R.Əliyevə verilmiş ittihamlardan biri "Azpetrol" şirkətinin prezidenti olarkən Şıxov qəsəbəsi ərazisində aldığı sahədəki ağacları kəsdirməsi ilə bağlı olub. R.Əliyev isə iddia edir ki, ərazidə heç bir ağac kəsilməyib.

Hakim vəsatətin yanız iki hissəsini - "Ernest yank" audit şirkətinin "Azpetrol"da apardığı vergi yoxlamalarının rəylərinin məhkəməyə təqdim olunması və R.Əliyevə məxsus şəxsi poçtun məhkəməyə gətirilməsi ilə bağlı hissələri təmin edib. Hakim qeyd edib ki, əgər R.Əliyevin vəkillərində Şıxov qəsəbəsi ərazisindəki sahədə ağacların kəsilmədiyini sübut edən faktlar varsa, vəkillər həmin sübutları məhkəməyə təqdim edə bilərlər.

Məhkəmə iclası davam edir.

Xəbər lenti

Xəbər lenti