...

Müğənni Aynur Dadaşova: "Bakı metrosuna səyahətə çıxmaq istərdim"

Cəmiyyət Materials 6 Avqust 2007 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /müx. "TrendLife" Süleyman Vəliyev/ Kişilər arasında belə bir söhbət gedir ki, qadın sükan arxasında oturanda, ona daim yaşıl işıq yanır. Bizim bugünkü müsahibimiz, estrada müğənnisi Aynur Dadaşova bu yaxınlarda öz sevimli "cip"ini satıb, yerinə daha bahalı maşın götürmək istəyir. Hələlik isə o, maşınsız gəzir. Maşınsız gəzməyinə baxmayaraq, özünü çox gözəl hiss edir. "Trendlife"la müsahibəsində müğənninin üzündən gülüş əskik olmadı. Baxmayaraq ki, bu yaxınlarda o, ailəsindən ayrılıb. Nə isə hamısını ardıcıllıqla sizə təqdim edirik.

- Nə üçün bu yaxınlara qədər "cip" sürürdünüz. Axı "cip" kişi maşını hesab edilir?

- İş ondadır ki, mən özüm balacayam. Balaca maşında isə yolu görmürəm. Məhz buna görə "cip"i seçmişdim. İndi isə bu da mənə sərf etmir. Bu yaxınlarda dəyişəcəm.

- Yəqin ki, KAMAZ alarsınız. O maşında yol daha aydın görünür. O biri avtomobillərdən nəyi pisdir?

- (Gülür). Hər şey ola bilər. Bilirsiniz, bizim vaxtda hər şey mümkündür. Lazım gəlsə, mən taksi, avtobus, hətta qatar sürücüsü də ola bilərəm. Hər şey taledən asılıdır. Necə deyərlər, kimin alnına nə yazılıb o da olacaq.

- Belə gözəl qız özünü sükan arxasında necə hiss edir?

- Qadının sükan arxasında olması artıq müasir kişiləri təəccübləndirmir. Bizim dövrdə qadın sürücü adi haldır. Gün-gündən çoxalırıq. Bəziləri maşını şəhərdə rahat gəzmək üçün, bəziləri şəhərdən kənarda sürmək üçün, bəziləri isə sürməkdən zövq aldıqları üçün sürürlər. Mən ona görə sükan arxasına keçdim ki, kimdənsə asılı olmaq məni bezdirmişdi. Artıq bütün işlərimin arxasınca özüm getmək istəyirdim. Sürücülük vəsiqəsini də problemsiz aldım. Allaha çox şükür ki, bu günə qədər qəzaya belə uğramamışam.

- İmtahandan özünüz keçdiniz? Yəni sürücülük vəsiqəsi alanda pul vermədiniz?

- Doğrudan özüm vermişəm. Bütün yol hərəkət qaydalarını öyrənib, gəlib cavab verdim.

- Bəs "avtoşluğ"u sevirsiniz?

- Mən "avtoş" deyiləm. Avtolediyəm. Əlbəttə, hansısa tədbirə gecikəndə sürəti qaldırmağa məcbur olursan. Lakin mən qaydaları pozmağı sevmirəm.

- Bəs qaydaları pozanda polislərdən canınızı necə qurtarırsınız?

- Hər şey olur. Lakin mənə hörmət edirlər, cərimə etmirlər. Məni yolda görəndə, yol verirlər ki, keçim. Qadın sürücü kişi sürücüdən fərqlənir. Bundan başqa, qadın maşını idarə etməyə daha diqqətlə yanaşır. Nəinki maşina hətta həyata belə diqqətlə yanaşır.

-Maşını qoyaq bir kənara. Sonuncu dəfə nə vaxt ictimai nəqliyyatdan istifadə etmisiniz? Məsələn, metro və avtobusda nə vaxt olmusunuz?

- Bu yaxınlarda Moskvada olanda meto ilə getmişəm. Bizim metroda isə uşaq olanda olmuşam. Avtobusu heç xatırlamıram. Ancaq bizim metroya səyahətə çıxmaq istərdim. Lakin bir az çətin olacaq. Çünki məni tanıyırlar.

- Heç qorxmayın. Sizi yeraltı keçiddə heç kim yeməyəcək. Yeməkdən söz düşmüşkən, boşandıqdan sonra sizin ürəyinizi yeyə biliblər?

- Siz nə danışırsınız. Artıq evlənməli oğlum var.

- Nə olsun. Tək qalmayacaqsınız ki...

- Mən tək deyiləm. Belə bir misal var: hər kəs sevdiyi kəslə birlikdə qocalsın.

- Bir yerə getdiyiniz zaman onun maşınında gedirsiniz, yoxsa o, sizin yanınızda oturur?

- Əlbəttə ki, onun maşınında. Kişi xeylağını yanında otuzdurmaq bir az özündən razılıq əlaməti sayılır.

- Bəs onun maşını hansındandır?

- Nəyə görə insanı maşınına görə qiymətləndirmək lazımdır? Əsas odur ki, onun daxili aləmi zəngin olsun. Maşınsız da ola bilər, əsas odur ki, mülayim ürəyi olsun.

Xəbər lenti

Xəbər lenti