...

Rüşvət almaqda ittiham olunan azərbaycanlı jurnalistin işi üzrə istintaq qrupu yaradılıb

Cəmiyyət Materials 6 Avqust 2007 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Rüşvət almaqda şübhəli bilinərək həbs olunan "Bizim yol" qəzetinin redaktoru Müşfiq Hüseynovun işi üzrə istintaq qrupu yaradılıb və qrup vəkilin iştirakı ilə jurnalistə təqdim edilib. Bu barədə bazar ertəsi Hüseynovla görüşən vəkili Vüqar Xasayev məlumat verib.

Vəkil qeyd edib ki, istintaq qrupuna baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəntiqləri Namiq Muradov və Mövlud Mirzəliyev daxildir. "Mənim iştirakımla istintaq qrupu Müşfiq Hüseynova təqdim olundu. Mən hər iki müstəntiqi şəxsən tanıyıram və ona görə də istintaq qrupunun tərkibinə etirazımız olmadı" - deyə Xasayev bildirdi.

Onun sözlərinə görə, jurnalistin işi üzrə istintaq qrupunun yaradılması işin mürəkkəb olması, çoxcəhətliyi ilə bağlıdır və məqsəd istintaqın obyektiv aparılması və tez bir zamanda başa çatdırılmasıdır.

Vəkil onu da bildirib ki, vərəm xəstəliyi ilə əlaqədar olaraq Hüseynov istintaq təcridxanasında rentgen müayinəsindən keçirilib. Lakin onda aktiv prosesin olmadığı aşkarlanıb: "Müşfiq Hüseynovun səhhətində problemlər var. Amma bu ağrılar ciddi deyil. Mən onun həkimi ilə də görüşdüm".

Jurnalist saxlanma şəraitindən şikayət etməyib. "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynov iyulun 24-də Yasamal rayonu ərazisində yerləşən "Qurd qapısı" restoranında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından 3500 dollar rüşvət alarkən xüsusi əməliyyat nəticəsində həbs olunub. Fakla bağlı Cinayət Məcəlləsinin 311.1 maddəsi ilə cinayət işi qaldırılıb. Jurnalistin işi üzrə istintaqı Azərbaycan Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparır. Müşfiq Hüseynov hazırda 1 saylı Bayıl istintaq təcridxanasında saxlanılır.

Xəbər lenti

Xəbər lenti