...

Ombudsman ermənilərin əsir götürdüyü azərbaycanlıların qaytarılması üçün müraciət edib

Cəmiyyət Materials 10 Avqust 2007 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Azərbaycan Ombudsmanı Elmira Süleymanova Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən azərbaycanlıların qaytarılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Yakob Kellenberqerə müraciət edib. Ombudsman Aparatının mətbuat xidmətindən cümə günü Trend ə verilən məlumata görə, müraciətdə əsir Samir Məmmədovun guya öz valideynlərindən imtina etməsi, ailə həyatı, uşaq evində böyüməsi və s. məqamlarla bağlı Ermənistan mətbuatında yayılan qeyri-dəqiq informasiyalarla bağlı Ombudsman tərəfindən aparılan araşdırmanın nəticələri də əksini tapıb. Süleymanova dövlət orqanları və əsirin ailəsi ilə əlaqə saxlayaraq bununla bağlı zəruri olan sənədləri əldə edib. Müraciətdə bildirilir ki, Məmmədov haqqında Ermənistan mediasında yayılan məlumatlar əsirin özünə və ailəsinə mənfi psixoloji təsir göstərməklə yanaşı, ölkədə və beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür formalaşdırır. Süleymanova BQXK rəhbərindən mandatı çərçivəsində Azərbaycan Ordusunun əsgəri Məmmədovun, mülki şəxslər Əşrəf Cəfərov və Anar Əliyevin mümkün qədər qısa müddətdə Azərbaycana qaytarılması, onların əsirlikdə saxlanıldıqları müddət ərzində işgəncə, qeyri-insani rəftara məruz qalmamasını qurumun regional nümayəndəlikləri vasitəsilə diqqətdə saxlamasını xahiş edib. Bu məsələ Ombudsman Aparatının sektor müdiri Zaur Əliyevin bu günlərdə Cenevrəyə səfəri zamanı BQXK-nin nümayəndələri ilə müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti