...

Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbirlər keçiriblər

Cəmiyyət Materials 11 Avqust 2007 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin fəaliyyəti əsasən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çadırmaq istiqamətində qurulur. Bu barədə şənbə günü Qafqaz Universitetində keçirilən xarici ölkələrdə təhsil alan və məzun olmuş azərbaycanlı tələbələrin 7-ci forumunda məlumat verilib.

Forumun Təşkilat Komitəsinin üzvü Orxan Əkbərov bildirib ki, belə tədbirlərin keçirilməsi xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr arasında təcrübə mübadiləsinin aparılmasına şərait yaradır və görülən işlərlə bağlı hesabat verilir.

Forum öz işini qruplar şəklində davam etdirib və qruplarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gələcəkdə görüləcək işlər müzakirə olunub.

Forumda azərbaycanlı tələbələrin təhsil aldıqları universitetlərdə diaspor işinin qurulması və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş tədbirlərin keçirilməsi məsələsi müzakirə olunub.

Eyni zamanda həmin ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, siyasi partiyalar və diaspor qurumları ilə əlaqələrin qurulması və xaricdə oxuyan azərbaycanlı tələbələrin Azərbaycanda təhsil alan həmkarları ilə əlaqələrinin yaradılması məsələsi müzakirə olunub.

Təhsil nazirinin müavini Elmar Qasımov qeyd edib ki, xarici ölkələrin universitetlərində təhsil alan azərbaycanlı tələbələr yaxşı oxuyurlar və etimadı doğruldurlar. Onun sözlərinə görə, ötən ilə Türkiyədə tibb elmi üzrə keçirilən və on beş min tələbənin qatıldığı müsabiqədə azərbaycanlı tələbələr birinci və ikinci yerləri tutublar. Nazir müavini azərbaycanlı tələbələri təhsil aldıqları ölkələrdə Azərbaycanın diaspor təşkilatlarının qurulmasında fəallıq göstərməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti