Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Təhsil Nazirliyinin məcburi köçkün Validə Bağırovaya qarşı iddiası üzrə Yasamal rayon məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə hazırlıq iclası keçirilib. Məhkəmədən çərşənbə axşamı Trend ə bildirilib ki, iş üzrə məhkəmə baxışı avqustun 17-nə təyin olunub.
Təhsil naziri Misir Mərdanov 1992-ci ildən 20 saylı orta məktəbdə məskunlaşmış məcburi köçkün Validə Bağırovanın məktəbdən köçürülməsi barədə göstəriş verib. Şuşadan məcburi köçkün düşmüş Bağırova ona 18 saylı uşaq bağçasında ayrılmış sığınacağa köçmək istəmir. Bağırova bunu həmin bağçada yaşayış üçün şərait olmaması ilə izah edir. Məcburi köçkün ailəsinin məskunlaşdığı 20 saylı orta məktəbdən zorla köçürülməsi barədə Təhsil Nazirliyi Yasamal rayon məhkəməsinə iddia ilə müraciət edib.
Bağırova Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin yerli şöbəsi tərəfindən 1993-cü ildə Bakının Yasamal rayonu ərazisindəki 20 saylı orta məktəbdə yerləşdirilib.