...

Səfir : "Azərbaycan Almaniyada qeyri-qanuni yaşayan vətəndaşlarını qaytarmaqdan imtina etmir"

Cəmiyyət Materials 20 Avqust 2007 12:03 (UTC +04:00)
Səfir : "Azərbaycan Almaniyada qeyri-qanuni yaşayan vətəndaşlarını qaytarmaqdan imtina etmir"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə / Almaniyada qeyri-qanuni mühacirətdə yaşayan Azərbaycan vətəndaşlarının geri qaytarılmasını nəzərdə tutan saziş layihəsi hazırlanıb və hər iki tərəf layihəni nəzərdən keçirir. Bu barədə bazar ertəsi Bakıda Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov məlumat verib.

"Azərbaycan vətəndaşı olan şəxslər qeyri-qanuni olsa da bir neçə ildir ki, Almaniyada yaşayırlar və orada öz həyatlarını qurublar. Ona görə də onların bir gündə geri qaytarılması olduqca mürəkkəb məsələdir. Bunun üçün müəyyən hazırlıq və iki ölkə arasında müfaviq anlaşmaların imzalanması lazımdır" - deyə diplomat əlavə edib.

Almaniya tərəfi bildirir ki, 6500 nəfər Azərbaycan vətəndaşı onun ölkəsində qeyri-qanuni olaraq yaşayır. Almaniya hökuməti onlara siyasi sığınacaq vermək niyyətində deyil və onları geri qaytarmağı planlaşdırır. Azərbaycandan olan qeyri-qanuni mühacirləri saxlamq üçün Almaniya bələdiyyələri ildə 40 milyon avrodan artıq vəsait xərcləyir. Almaniya iddia edir ki, rəsmi Bakı bu məsələdə Almaniya tərəfi ilə əməkdaşlıq etmək istəmir.

Şahbazov qeyd edib ki, bu dəqiq rəqəm deyil. "Amma təxminən bu rəqəmlərə yaxın Azərbaycan vətəndaşı Almaniyada qeyri-qanuni olaraq yaşayır" - deyə səfir əlavə edib.

Onun sözlərinə görə, Azərbaycandan olan qeyri-qanuni mühacirlərin geri qaytarılması üçün iki ölkə arasında danışıqlar davam edir: "Azərbaycan gənc dövlətdir və bu sahədə o qədər də təcrübəsi yoxdur. Ona görə də biz istəyirik ki, bu saziş optimal variantda hazırlansın və bütün dövlət qurumları ilə razılaşdırılsın".

Şahbazovun sözlərinə görə, bəzi azərbaycanlılar özlərini erməni millətindən olan şəxslər kimi təqdim edərək Almaniyadan siyasi sığınacaq almaq istəyirlər: "Bizdə də belə faktlar var".

Diplomat əlavə edib ki, bu, kütləvi xarakter daşımır. Almaniyada qeyri-qanuni yaşayan Azərbaycan vətəndaşları arasında ermənilərin də olduğunu təsdiqləyən səfir bildirib ki, hazırda onların Azərbaycana qaytarılması mümkün deyil: "Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra Azərbaycan vətəndaşı olan ermənilər üçün də geri qayıtmaq imkanı yaranacaq və onlar da qayıdacaqlar".

Xəbər lenti

Xəbər lenti