...

Gövhər Həsənzadə Yaşıl Teatrdan getdi

Cəmiyyət Materials 7 Sentyabr 2007 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 sentyabr / "TrendLife" , müxbir Günel Əhmədova/ Ötən ay Bakı şəhər İcra Hakimiyyətinin göstərişi ilə Yaşıl Teatra direktor əvəzi təyin olunan Gövhər Həsənzadə vəzifədən uzaqlaşdırılıb. "TrendLife"a daxil olan məlumata görə, bəstəkar xanımın vəzifədən getməsinin səbəbi kimi onun teatrın repertuarını düzgün qurmaması göstərilir. Teatrın fəaliyyətinin ilk aylarında Nadir Qafarzadənin orada çıxışı da misal olaraq qeyd olunub. Xatırladaq ki, Gövhər xanım uzun müddətdir Şəhriyar adına Mədəniyyət Sarayına rəhbərlik edir və eyni zamanda o, bir sıra estrada mahnılarının müəllifidir. Məlumatı dəqiqləşdirmək məqsədilə "TrendLife"ın müxbiri Yaşıl Teatrla əlaqə saxladı. Telefonun dəstəyini teatrın keçmiş rəhbəri Eldar Xəlilovun qaldırması informasiyanın doğru olduğuna bir daha sübut idi. Diqqətinizə çatdıraq ki, uzun illər teatrın direktoru kimi çalışan Eldar Xəlilov sənət ocağının açılışından bir neçə gün sonra vəzifədən uzaqlaşdırılmışdı. O, sözügedən məsələyə dolayısı ilə fikrini bildirdi.

- Dəstəyi siz qaldırdığınıza görə Gövhər Həsənzadənin direktor vəzifəsindən getdiyi doğrudur?

- Məsləhət olub ki, mən yenidən bura qayıdım. Amma direktor əvəzi vəzifəsi mənə müvəqqəti olaraq həvalə edilib.

- Gövhər xanımın teatrdan uzaqlaşdırıldığı xəbəri doğrudur?

- Onun barəsində heç bir söz deyə bilmərəm. Çünki informasiyam yoxdur. Mənə həvalə edilən vəzifəni icra edirəm.

Gövhər Həsənzadə ilə əlaqə yaratdıqda məsələyə onun köməkçisi Elnarə xanım mövqeyini bildirdi. Əvvəlcə bəstəkarın Yaşıl Teatrdan getmədiyini iddia edən Elnarə xanımın diqqətinə Eldar Xəlilovun fikirlərini çatdırdıqda o, bunları söylədi:

- Gövhər xanım məsələ ilə bağlı hələlik danışmaq istəmir. Hazırda o, Bakıda deyil. Xaricdədir və ora müalicə almaq üçün kedib. Onun adından mövzu ilə bağlı heç bir açıqlama verə bilmərəm. Sentyabrın 15-də Gövhər xanım burada olacaq və məsələyə münasibətini bildirəcək.

G.Həsənzadə ilə eyni zamanda Yaşıl Teatra baş rejissor vəzifəsinə təyin olunmuş bəstəkar Faiq Sücəddinov isə məsələyə bu cür yanaşdı:

- Struktur dəyişikliyi hər yerdə aparılır. Ümumiyyətlə, bu həyatda hər şey müvəqqətidir. Amma konkret olaraq Gövhər xanımla bağlı fikir söyləyə bilməyəcəm. Bildiyim budur ki, müvəqqəti həmin vəzifəyə Eldar Xəlilov təyin olunub. Təxminən bir aydan sonra hər bir məsələ öz yerini tapacaq.

- Nəyi nəzərdə tutursunuz?

- İnformasiyam bu qədərdir. Oktyabrda mövzu ilə bağlı geniş açıqlamalarımız olacaq.

Xəbər lenti

Xəbər lenti