...

Müğənni Brilliant Dadaşova: "Estrada müğənniləri fonoqramın quluna çevriliblər!"

Cəmiyyət Materials 7 Sentyabr 2007 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 sentyabr / "TrendLife" , müxbir Vüqar Vüqarlı/ Biz müğənni Brilliant Dadaşova ilə onun sadə, çox zövqlə tikilmiş bağında görüşdük. Lakin biz onun bağı barəsində deyil, sənəti, yaradıcılığı barədə söhbət edəcəyik. Bu müğənni ilə söhbət etmək üçün nəinki Zaqulbaya getmək, hətta orada ağcaqanadlarla əməlli-başlı mübarizə aparmalı oldum. Sözün duzu, söhbətimiz o qədər maraqlı alındı ki, hər şey haqqında unutdum. Mən söhbətə təbriklərlə başladım.

- Brilliant xanım, ilk növbədə sizi nə ilə təbrik edək. Oğlunuzun ali məktəbə daxil olması ilə, yoxsa ad gününüz münasibətilə?

- Hər ikisi ilə. İncimərəm. (gülür)

- Siz nədən küsürsünüz?

- Haqsızlıq və ikiüzlülük olanda.

- Buna görə ekranlarda tez-tez görünmürsünüz?

- Mən heç vaxt ekranlarda görünməyə can atmamışam. Əgər yadınızdadırsa, mənim ilk yaradıcılığım kadr arxası olub. Sonra evdəkilərimin təkidi ilə efirə çıxmağa başlamışam. Yenə də deyirəm, səsimin tamaşaçılar tərəfindən bəyənildiyini biləndən sonra bu qərara gəlmişəm.

- Akif İslamzadə ilə olan duetiniz indiyə qədər hər kəsin yadındadır. Yəqin ertəsi gün artıq yuxudan tanınmış biri oyandınız?

- Xeyr. O vaxtlar bir gün içində tanınmaq çox çətin idi. İndi ifaçılar efiri pulla alır. Həmin vaxtlarda növbəti dəfə efirə çıxmaq üçün üç ay gözləməli idin. Həm də o vaxtlar Şövkət Ələkbərova, Rəşid Behbudov kimi korifey sənətçilərimiz səhnəyə çıxanda oxumağa risk etmirdim.

- Siz söyləyirsiniz ki, o vaxt səhnəyə Rəşid Behbudov, Şövkət Ələkbərova çıxanda oxumağa risk etmirdiniz. Bəs indi necə, estradamızda bu səviyyədə ifaçılar var?

- Mənə belə təxribatçı suallar verməyin.(gülür) Bilirsiniz, axı mən deyəcəm yoxdur. Bəs siz necə düşünürsünz, var?

- Biri var onlar haqqında jurnalist danışır, biri də var əməkdar artist danışır. Nəyə görə hazırda yerli şou-biznesdə sadaladığımız korifeylər səviyyəsində ifaçılar yoxdur. Sizcə problem nədir?

- Bəlkə ona görə ki, onlar yüz ildən bir doğulurlar. Ümumiyyətlə, bu suala cavab vermək çox çətindir. Bəlkə də ona görə ki, biz onları həyatdan gedəndən sonra korifey adlandırırıq. Nə bilim hər şey ola bilər.

- Bəlkə, bütün teleməkana dolmuş, altı səkkiz ritmi və onun mədəniyyətimizə vurduğu ziyanı da biz yalınız sonralar qiymətləndirə biləcəyik?

- Bilirsiniz, burda iş ritmdə deyil, ifaçının zövqündədir. Axı, bu ritm altında da gözəl oxumaq olar. Kompüter musiqisinin köməkliyi ilə indi hər şey çox asanlaşıb. Yerindən duran oxuyur.

- Demək istəyirsiniz ki, texniki inkişaf musiqinin keyfiyyətinin aşağı enməsinə səbəb olub?

- Əlbəttə. Necə ki, kompüterlər uşaqların zehni hesablamaq həvəsini öldürüb. Kompüter musiqisi də müğənnilərimizdə öz səsləri üzərində işləmək həvəsini öldürüb. Belə deyim, məktəblilər kompüterin, müğənnilər də fonoqramın qulu olub.

- Axı bu sizi qorxutmamalıdır. Siz öz səsinizin gücünə əminsiniz.

- Bəli, mən öz səsimin gücünə əminəm. Hərçənd ki, nadir hallarda öz ifamdan razı qalıram. Hələ bir dəfə də olmayıb ki, mən səsyazma studiyasından çıxanda deyim ki: "Nə qəşəng oxudum".

- Bəzən sizin ifa tərzinizi, səsinizi təkrarlamaq istəyənlər olur. Yeri gəlmişkən, buna münasibətiniz necədir?

- (gülür). Mən artıq öyrəncəliyəm. İlk dəfə efirə çıxdıqdan sonra, az tanınmış müğənnilər məndən nəsə götürüb, özününküləşdirib. Qeyri-təvəzökarlığıma görə məni bağışlayın.

- İndi şou-biznesdə qeyri-təvəzökar olmaq dəbdir.

- Bax bu düzdür. Bir az mədəni olanda tez düşünürlər ki, burda nəsə var. (gülür)

- Sizcə, özünə inamla özündən razı olmaq arasında fərq nədədir?

- Özünə inanmaq çox yaxşı xüsusiyyətdir. Bax özündən razı olmaq... (fikrə gedir). Bunlar arasında fərq tərbiyyədən asılıdır. İnsan tərbiyyəsizdirsə, onun özünə inamı, özündən razı hala çevrilir.

- Siz bir fəlsəfəyə baxın! Sən demə siz nəinki gözəl oxuyursunuz, həm də gözə fikirlər söyləyirsiniz.

- Neyləyim! (gülür). Axı ifaçı nəinki oxumağı bacarmalı, hətta gözəl məntiqi də olmalıdır.

Xəbər lenti

Xəbər lenti