...

2014-cü il bədii gimnastika üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək (ƏLAVƏ OLUNUB) (FOTO)

İdman Materials 9 Fevral 2012 17:40 (UTC +04:00)
2014-cü il bədii gimnastika üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi barədə qərar verilib.
2014-cü il bədii gimnastika üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir M.Əliyev/

2014-cü il bədii gimnastika üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi barədə qərar verilib.

Trend-in məlumatına görə, bundan əvvəl 2005-ci ildə Bakıda bədii gimnastika üzrə dünya çempionatı, 2007-ci və 2009-cu illərdə isə bədii gimnastika üzrə Avropa çempionatları keçirilib.

Bununla bağlı Avropa Gimnastika İttifaqı və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov bildirib ki, 2014-cü il gimnastika üzrə Avropa çempionatı yeni tikilən Gimnastika Olimpiya Kompleksində keçiriləcək.

"2014-cü ilin may ayına qədər kompleks hazır olacaq", - Rəhimov deyib.

Avropa Gimnastika İttifaqının vitse-prezidenti Rudolf Heidiger bildirib ki, Bakıda çempionat 2014-cü il iyunun 9-dan 14-dək keçiriləcək. Çempionatda 240 gimnastın və 80 rəsmi şəxsin iştirakı gözlənilir.

Onun sözlərinə görə, Bakının ev sahibi kimi seçilməsinin üç əsas səbəbi var.

"Birincisi, 2005, 2007, 2009-cu illərdə Bakıda dünya və Avropa çempionatlarının keçirilməsi bizdə əminlik yaratdı ki, Azərbaycan dövləti bu çür çempionatların keçirilməsinə məsuliyyətlə yanaşır. İkinci səbəb odur ki, Azərbaycan Gimnastika Federasiyası Avropa Gimnastika İttifaqının ən etibarlı və məsuliyyətli tərəfdaşıdır, bizim əlaqələr çox uğurla həyata keçirilir", - Heidiger əlavə edib.

Onun sözlərinə görə, üçüncü səbəb isə odur ki, gimnastika olimpiya idman növüdür və Azərbaycanda gimnastikaya çox böyük maraq, həmçinin dövlət səviyyəsində yüksək diqqət göstərilir.

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qaibov tədbirdə bildirib ki, yeni tikilən Gimnastika Olimpiya Kompleksi əsas və əlavə zaldan ibarət olacaq.

Onun sözlərinə görə, bu, gimnastikadan başqa, digər idman növləri üzrə yarışların keçirilməsinə də şərait yaradacaq.

Avopa Gimnastika İttifaqının direktoru Erofejef Engman isə bildirib ki, ötən gün İttifaqın nümayəndə heyəti yeni tikilən komplekslə tanış olub.

"Həmçinin, Azərbaycan gimnastlarının məşq bazasında onların məşqini izlədik və Azərbaycanın çox aktiv gimnastlarının olduğunu müşahidə etdik", - Engman deyib.

Xəbər lenti

Xəbər lenti