...

Azərbaycan hokkeyçiləri Rusiya yığması ilə qarşılaşacaq

İdman Materials 16 Fevral 2012 20:40 (UTC +04:00)
Otüstü hokkey üzrə qadınlardan ibarət Azərbaycan yığması Rusiya komandası ilə qarşılaşacaq.
Azərbaycan hokkeyçiləri Rusiya yığması ilə qarşılaşacaq

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Otüstü hokkey üzrə qadınlardan ibarət Azərbaycan yığması Rusiya komandası ilə qarşılaşacaq.

Trend-in Azərbaycan Otüstü Hokkey Federasiyasının saytına istinadən yaydığı məlumata görə, Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarının seçmə turnirinə hazırlıq məqsədilə Rusiyanın qadın hokkeyçiləri fevralın 15-də təlim-məşq və test oyunları keçirmək üçün Bakıya gəliblər.

İlk yoldaşlıq görüşü sabah baş tutacaq. Rəqiblər arasında ikinci oyun fevralın 18-də keçiriləcək. Bazar günü istirahət edən komandalar fevralın 20 və 21-də daha 2 dəfə qarşılaşacaqlar. Bütün oyunlar saat 16:00-da başlayacaq.

Rusiya yığması gələn ay Belçikada təşkil olunacaq sayca 3-cü olimpiya seçmə turnirində İspaniya, Meksika, İrlandiya, Fransa və yerli hokkeyçilərin mübarizəsində 1-ci olmaq uğrunda çalışacaq.

Azərbaycan hokkeyçiləri isə Olimpiya Oyunlarının iştirakçısı olmaq üçün bu il aprelin 25-dən mayın 6-dək Yaponiyanın Kakamiqahara şəhərində təşkil olunacaq təsnifat turnirində 6 komanda arasında yalnız birinci yeri tutmalıdırlar. Olimpiya seçmə turnirində rəqiblərimiz Yaponiya, Malayziya, Belarus, Avstriya və Çili hokkeyçiləri olacaq. Mayın 5-də ilkin mərhələni I və II yerlərdə başa vuran rəqiblərin final oyununda London Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ verən yeganə vəsiqənin sahibi aşkar olunacaq.

Xəbər lenti

Xəbər lenti