...

Azərbaycan hokkeyçiləri London Olimpiya Oyunlarına vəsiqə qazana biləcəkmi?

İdman Materials 1 May 2012 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend/

London Yay Olimpiya Oyunlarının təsnifat yarışında mübarizə aparan Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası bu gün turnirdə 4-cü oyununda dünya reytinq sıralamasında 9-cu yeri tutan meydan sahibləri - Yaponiya hokkeyçiləri ilə qarşılaşıb.

Trend Azərbaycan Otüstü Hokkey Federasiyasının rəsmi saytına istinadən məlumat verir ki, görüş gözlənildiyi kimi gündoğar ölkə təmsilçilərinin üstünlüyü ilə keçib. Maraqlıdır ki, matçda hesabı Azərbaycan hokkeyçiləri açıblar. Qarşılaşmanın 6-cı dəqiqəsində Yuliya Muradi rəqib komandanı məyus edib. Lakin bu qoldan 6 dəqiqə keçmiş yaponlar hesabı bərabərləşdiriblər. Bundan sonra turnirin fovariti sayılan Yaponiya yığması daha 2 qol vuraraq I hissəni 3:1 hesabı ilə öz xeyrinə başa vurub. Fasilədən sonra daha 1 dəfə fərqlənən meydan sahibləri matçda 4:1 hesablı qələbə qazanıb və 10 xalla liderliyi ələ alıb. Azərbaycan millisi isə 9 xalla 2-ci pilləyə enib.

IV tur çərçivəsində ilk oyun bu gün Malayziya və Çili hokkeyçiləri arasında keçirilib. İlk yarıda qapılara qol vurulmasa da, son dəqiqələrdə Çili millisi 2-ci qolunu vuraraq rəqibini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. 4 görüşdən 7 xal yığan Çili hokkeyçiıəri belaruslarla 3 və 4-cü yerləri bölüşürlər. Bu gün Belarus yığması da Avstriya millisi üzərində qələbə qazanıb - 5:0.

Turnir iştirakçıları 1 günlük istirahətdən sonra - mayın 3-də ilkin mərhələnin son oyunlarını keçirəcəklər. Həmin gün hokkeyçilərimiz Çili komandası ilə qarşılaşacaq. Finala çıxmaq üçün qızlarımıza heç-heçə hesabı da kifayətdir. Finalda oynamağa çox yaxın olan Yaponiya millisi son turda Belarus yığması ilə qarşılaşacaq. Mayın 3-də son görüş isə yarışın autsayderləri - Malayziya və Avstriya komandaları arasında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti