...

"Neftçi" və "Bakı" futbolçularının milliyə çağırılmasına qadağa qoyuldu

İdman Materials 12 İyun 2012 17:01 (UTC +04:00)
AFFA İntizam Komitəsi 7 iyun 2012-ci il "Kapital Bank U-15 Liqa"nın "Bakı" - "Neftçi" final qarşılaşmasından sonra hər iki klub nümayəndələri arasında baş vermiş kütləvi insidentlə əlaqədar qərarlar qəbul edib.
"Neftçi" və "Bakı" futbolçularının milliyə çağırılmasına qadağa qoyuldu

Azərbaycan, Bakı, 12 iyun /Trend/

AFFA İntizam Komitəsi 7 iyun 2012-ci il "Kapital Bank U-15 Liqa"nın "Bakı" - "Neftçi" final qarşılaşmasından sonra hər iki klub nümayəndələri arasında baş vermiş kütləvi insidentlə əlaqədar qərarlar qəbul edib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, kütləvi dava-dalaşda iştirak etdiyinə görə "Bakı" FK-nın vitse-prezidenti Yaşar Seyidovun Premyer Liqa, əvəzedicilər, I divizion, U-11, U-13, U-15, U-16 və U-17 liqalarında keçirilən 12 rəsmi oyunda stadiona girişi qadağan olunub və klub 6000 manat məbləğində cərimə olunub. Bu cəza hər bir yarışa ayrı-ayrılıqda 12 oyun olaraq müəyyən edilib.

Kütləvi dava-dalaşda iştirak etdiyinə görə "Neftçi" PFK-nın icraçı direktoru Mübariz Xudiyevin Premyer Liqa, əvəzedicilər, I divizion, U-11, U-13, U-15, U-16 və U-17 liqalarının hər birində keçirilən 10 rəsmi oyunda stadiona girişi qadağan olunsun və klub 6000 (altı min) manat məbləğində cərimə olunub. Bu cəza hər bir yarışa ayrı-ayrılıqda 10 oyun olaraq müəyyən edilib.

"Bakı" FK-nın qapıçılar üzrə məşqçisi Muammer Zekir aqressiv hərəkətlərinə görə 20 oyunluq kənarlaşdırılır. "Neftçi" PFK-nın məşqçisi Arif Abbasov aqressiv hərəkətlərinə görə 20 oyunluq kənarlaşdırılır. "Bakı" FK-nın futbolçuları Elçin Tağıyev, Mahir Mədətov və Renat Ağaverdiyev kütləvi dava-dalaşda aktiv iştirak etdiklərinə görə növbəti mövsümdə keçiriləcək müvafiq yaş qrupunda olan yarışlardan 6 oyunluq kənarlaşdırılır. "Neftçi" PFK-nın futbolçuları Zeynal Zeynalov, Teymur Kamal və Emil Həsənzadə kütləvi dava-dalaşda aktiv iştirak etdiklərinə görə növbəti mövsümdə keçiriləcək müvafiq yaş qrupunda olan yarışlardan 6 oyunluq kənarlaşdırılır.

"Neftçi" PFK "Kapital Bank U-15 Liqa"nın qalibi üçün nəzərdə tutulan ölkə xaricində təlim-məşq toplanışına göndərilmək və qiymətli mükafatlar almaq hüququndan məhrum edilib. "Bakı" FK "Kapital Bank U-15 Liqa"nın ikinci yerinin sahibi üçün nəzərdə tutulan qiymətli mükafatlar almaq hüququndan məhrum edilib.

"Neftçi" PFK və "Bakı" FK-nın U-15 komandasının kütləvi dava-dalaşda iştirak edən üzvlərinin milliyə çağırılmasına qeyri-müəyyən müddətə qadağa qoyulub. Müvafiq yaş qrupları üzrə yığma komandaların baş məşqçilərinin təqdimatına əsasən bu məsələyə yenidən baxıla bilər.

"Neftçi" PFK və "Bakı" FK-nın rəhbərləri komanda üzvləri arasında etik qaydalara riayət olunması, rəqib komandanın üzvlərinə və rəsmi heyətinə hörmətlə davranması ilə bağlı müvafiq iş apararaq bu barədə AFFA-ya məlumat verməlidirlər.

Xəbər lenti

Xəbər lenti