...

Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq turnirin final mərhələsi keçirilir

İdman Materials 21 Sentyabr 2012 19:33 (UTC +04:00)
Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi başlayıb.
Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq turnirin final mərhələsi keçirilir

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi başlayıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qeyd edib ki, son illər Azərbaycanda dövlət başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində idman sürətlə inkişaf edir. Bu gün ölkəmizdə bir çox idman növləri inkişaf etdirilir və sevindirici haldır ki, bu sırada güləş xüsusi yerlərdən birini tutur.

"Yüksək nəticələrin davamı kimi bu il Azərbaycan güləşçiləri Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında 7 medal qazanıblar. Bu gün açılışa toplaşmış bütün yarış iştirakçılarına uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm", - İsmayılov deyib.

Daha sonra FILA baş katibi Mişel Dusson çıxış edərək artıq Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq idman təşkilatları üçün ölkəmizin etibarlı tərəfdaş olduğunu, Olimpiya Oyunlarında güləşçilərimizin qazandığı 2 qızıl, 2 gümüş və 3 bürünc medalın əhəmiyyətini qeyd edib. Baş katib yarış iştirakçılarını salamlayıb, turnirin yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib, yüksək təşkilatçılığa görə ölkə rəhbərliyinə və AGF-yə təşəkkür edib.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinin iştirakçılarını salamlayıb və bu mötəbər turnirin təşkilini ölkəmizə etibar etdiyinə görə FILA rəhbərliyinə öz təşəkkürünü bildirib.

"2012-ci il ölkə Prezidenti tərəfindən Azərbaycanda "İdman ili" elan edilib və bu da təbii ki, idmanın inkişafına yeni bir təkan verib. Bunun nəticəsidir ki, bir neçə gün öncə Londonda başa çatan XXX Yay Olimpiya Oyunlarında Azərbaycan güləşçiləri uğurla çıxış edərək Vətənə 7 medalla dönüblər. Eyni zamanda, güləşçilərimiz ölkəmizdə keçirilən yeniyetmələrin dünya çempionatında 19 medal, Taylandda keçirilən gənclərin dünya çempionatında 7 medal qazanıblar ki, bu da Azərbaycanın ümumi tərəqqisinin, güləş idman növünün yüksələn xətt üzrə inkişaf etdiyinin daha bir göstəricisidir", - Əliyev deyib.

London olimpiadasından sonra keçirilən bu yarışın güləşçilər üçün güclərini sınamaq, təcrübələrini artırmaq baxımından da mühüm əhəmiyyətə malik olduğunu bildirən AGF-nin I vitse-prezidenti ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsini açıq elan edib.

Üç gün davam edəcək yarışlarda dünyanın 27 ölkəsindən 320-dək idmançı "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinin mükafatları uğrunda mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti