Azərbaycan, Bakı, 19 iyun /Trend/
Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ilk yarış günündə sərbəst güləş üzrə 42, 50, 58, 69 və 85 kq çəki dərəcəsində pəhləvanlar mübarizəyə qoşulub.
Güləşçilərimizdən 3-ü finala qədər maneəsiz irəliləyib. Məhəmmədəli Əliyev (58 kq) və Nurməhəmməd Hacıyev (85 kq) finalda Türkiyə təmsilçiləri ilə, Abdulmuslim Muxuddinov (69 kq) isə erməni güləşçi ilə qarşılaşıb. 50 kq-da təmsilçimiz Mahir Əmiraslanov bürünc medal uğrunda görüşə çıxıb, rəqib Rumıniya güləşçisi olub.
50 kq, bürünc medal görüşü
Mahir Əmiraslanov - Barna Marton (Rumıniya)
58 kq, final
Məhəmmədəli Əliyev - Selim Kozan (Türkiyə)
69 kq, final
Abdulmuslim Muxuddinov - Tiqran Mnatsakanyan (Ermənistan)
85 kq, final
Nurməhəmməd Hacıyev - Enes Altun (Türkiyə)
Medal görüşünə çıxan bütün güləşçilərimiz xalça üzərindən qalib ayrılıb. Beləliklə, yeniyetmələrin Avropa çempionatında ilk gün sərbəst güləşçilərimiz 3 qızıl və 1 bürünc medal qazanıb.
Çempionatın ikinci günündə Fazil Həsənov (46 kq), Vurğun Əliyev (54 kq), Teymur Məmmədov (63 kq), Şamil Sadullayev (76 kq) və İqbal Hacızadə (100 kq) mübarizəyə qoşulacaq.