Azərbaycan, Bakı, 26 sentyabr /Trend/
III İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 25-də 3 medal qazanıblar. Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Azərbaycan karateçiləri yarışlarda çıxışlarını uğurla başa vurublar. Komanda yarışlarında qızıl medal qazandılar.
İndoneziya, Malayziya və Əlcəzair yığmalarına qalib gələn komandamız finala vəsiqə qazandı.
Finalda rəqib güclü İran yığması olsa da karateçilərimiz əsl əzmkarlıq göstərdilər və 3:1 hesabı ilə qələbə qazandılar.
İlk döyüşdə Niyazi Əliyev özündən ağır və hündür olan rəqibə məğlum olsa da sonrakı qarşılaşmalarda Asiman Qurbanlı, Rafayel Ağayev və Şahin Atamovun inamlı qələbələri sayəsində komandamız Azərbaycan İrana 3:1 hesabı ilə qalib gəldi. Buna görə də komandanın 5-ci üzvü Ayxan Mamayevin döyüşməsinə ehtiyac qalmadı.
Ağırlıqqaldırma yarışlarında idmançımız Zülfüqar Süleymanov 62 kq çəki dərəcəsində yarışların bürünc medalını qazanıb. Zülfüqar birdən qaldırma 123 kq, təkanla qaldırmada 155 kq çəkinin öhdəsindən gəlib və ümumi 278 kq nəticə ilə üçüncü olub.
Qeyd edək ki, Zülfüqar gələn ay Polşada keçiriləcək dünya çempionatında da yığma komandamızın heyətində olacaq.
Üzgüçülük yarışlarında 100 metr məsafəyə batterflay üsulla üzmədə Yevgeni Lazuka bürünc medal qazanıb. Y.Lazukanın bir gün öncə 50 metr məsafəyə baterflay üsulla üzmədə gümüş medal qazanması barədə xəbər vermişdik.
Sentyabrın 25-də isə idmançımız 55.05 saniyə nəticə ilə özünün 2-ci, komandamızın isə 9-cu medalına layiq görülüb.