...

Zambrotta: Azərbaycan millisi ilə oyunlar İtaliya yığması üçün asan olmayacaq

İdman Materials 20 May 2014 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend/

Trend Bakıda keçirilmiş Beynəlxalq Futbol Könüllülüyü Forumunun səfiri, dünya futbolunun tanınmış simalarından olan Canluka Zambrottanın Affa.az saytına müsahibəsini təqdim edir

- Yəqin ki, bu sualla getdiyiniz bir çox şəhərlərdə rastlaşmısınız. Biz də ənənəni pozmayaq: Bakı haqqında təəssüratlarınız necədir?

- İlk növbədə, məni ölkənizə dəvət etdiyinizə görə təşəkkürümü bildirirəm. Çıxışımda da qeyd etdiyim kimi, Beynəlxalq Futbol Könüllülüyü Forumunda səfir kimi iştirak etməkdən qürur duyuram. Bakıda olduğum qısa müddət ərzində Dənizkənarı Bulvarda gəzişmək imkanı əldə etdim. Bakı gözəl şəhər, insanlarınız isə mehribandır. Bu mövzuda yalnız müsbət fikirlər deyə bilərəm.

- Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və İtaliya milli komandaları eyni qrupda mübarizə aparacaqlar. Bu oyunlarla bağlı fikirlərinizi bilmək maraqlıdır. Ümumiyyətlə, şansları necə dəyərləndirərdiniz?

- Azərbaycan və İtaliya yığmaları AÇ-2004-ün seçmə mərhələsində də eyni qrupda mübarizə aparıblar. Bakıdakı ilk oyunda 2:0 hesabı ilə qalib gəlmişdik. Həmin oyunda iştirak etməsəm də, bir çox məqamları gözəl xatırlayıram. İlk qol avtoqoldan vuruldu. Sonra isə Alessandro Del Pyero cərimə zərbəsindən fərqləndi. Qalib gəlsək də, qarşılaşma bizim üçün çox çətin keçmişdi. Lakin həmin oyundan bizi 10 ildən də artıq zaman kəsiyi ayırır. Təbii ki, bu müddətdə Azərbaycan millisi inkişaf edib. Hazırda komandaya almaniyalı mütəxəssis Berti Foqts rəhbərlik edir və bu amili mütləq nəzərə almaq lazımdır. Düşünürəm ki, budəfəki oyunlar da İtaliya yığması üçün asan olmayacaq.

- Futbolçu karyeranızı başa vurduqdan sonra məşqçi kimi fəaliyyət göstərirsiniz. Azərbaycan klublarından təklif alsanız, münasibətiniz necə olardı?

- Ötən ilin dekabr ayından İsveçrənin ikinci divizionunda çıxış edən "Kyasso" komandasının baş məşqçisiyəm. Əsas məqsədimiz çempionatdakı yerimizi qorumaq idi ki, buna nail olduq. Təbii ki, gələcəkdə başqa ölkələrdən, klublardan təklif olarsa, bütün detalların müzakirəsindən sonra qərar vermək olar.

- Azərbaycan çempionatının əksər oyunları zamanı tribunalarda kifayət qədər azarkeş olmur. Fikrinizcə, azarkeşlərin stadionlara cəlb olunması üçün hansı addımlar atılmalıdır?

- Maraqlı sualdır və cavablandırmaq asan deyil. Bunun üçün Azərbaycanda hansı idman növünə daha çox maraq olduğunu bilmək lazımdır. Hesab edirəm ki, futbolun təbliğinə daha çox diqqət yetirilməlidir. Misal üçün, Beynəlxalq Futbol Könüllülüyü Forumu bu baxımdan əhəmiyyətli tədbirdir. Karyerasının qürub çağını yaşayan məşhur futbolçuların transfer edilməsi, infrastrukturun yaxşılaşdırılması və digər amillər azarkeşlərin stadionlara gəlməsinə təkan verir. Bir çox ölkələr məhz bu üsuldan istifadə edirlər. Ancaq hər hansı ulduz futbolçunu gətirən zaman planlı iş qurmaq lazımdır. O, təkcə pul qazanmaq barədə fikirləşməməli, gəldiyi ölkədə futbolun inkişafına və təbliğinə səy göstərməli, ən əsası, buna xüsusi istəklə yanaşmalıdır.

- 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb. İtaliya mötəbər futbol turnirlərinin təşkilində təcrübəli ölkələrdən biridir. Bu baxımdan Azərbaycanın şansını necə qiymətləndirirsiniz?

- Cəmi iki gündür ölkənizdəyəm. Bu müddətdə gördüklərimə əsasən deyə bilərəm ki, xidmət sahəsi yüksək səviyyədədir. Bu amili Bakı üçün üstünlük hesab etmək olar. Digər məsələ futbola olan ehtiras, sevgidir. Bu amil böyük rol oynayır.

- Futbolçu kimi 2006-cı ili necə xarakterizə edərdiniz?

- 2006-cı ildə "Yuventus"da çıxış edirdim. Ardıcıl iki dəfə İtaliya çempionu olduq. Təəssüf ki, sonra məlum qalmaqallar ortaya çıxdı. Lakin qarşıdan dünya çempionatı gəldiyi üçün yalnız mundial haqqında fikirləşirdik.

- İtaliya millisinin dünya çempionu olmasını "Yuventus"lu futbolçuların "Kalçopoli" əməliyyatına cavabı kimi dəyərləndirənlər də oldu. Həqiqətənmi milli komandada belə ab-hava var idi?

- O dövrdə biz İtaliya çempionatında baş verənləri unudaraq gücümüzü milli komanda üçün sərf edirdik. Yeganə məqsədimiz dünya çempionu olmaq idi. İtaliya millisi təkcə "Yuventus"un futbolçularından formalaşmamışdı. Bizdə komanda ruhu güclü olduğuna görə dünya çempionu adını qazandıq.

- Karyeranız ərzində bir çox məşhur mütəxəssisin rəhbərliyi altında çıxış etmisiniz. Hansı məşqçinin fəaliyyəti sizin üçün daha yaddaqalan olub və hansının iş prinsipini özünüzə daha yaxın hesab edirsiniz?

- Hər məşqçinin karyeramda öz rolu, izi olub. Amma Marçello Lippini xüsusi qeyd etməliyəm. Həm "Yuventus"da, həm də milli komandada birgə çalışdığımız müddətdə çox nailiyyətlər qazanmışam. Ondan çox şey öyrənmişəm. Hazırda konkret hansısa məşqçinin iş üslubundan istifadə etmirəm. Ünsiyyətdə olduğum bütün mütəxəssislərdən öyrəndiklərimi özümün uyğun bildiyim şəkildə tətbiq edirəm.

- Bir çox italiyalı məşqçi karyeralarını ölkə xaricində davam etdirir. Fabio Kapello Rusiya yığması ilə dünya çempionatında iştirak edəcək, Karlo Ancelottinin rəhbərlik etdiyi Madrid "Real"ı Çempionlar Liqasının finalına vəsiqə qazanıb. Bu məşqçilərin işi barədə nə deyə bilərsiniz?

- İtaliyanın məşqçilər komandası çalışdıqları komandalarda uğurlu nəticələr qazanıblar və bu tendensiya davam edir. Bəli, Kapello Rusiya yığmasını mundiala çıxarıb, Ancelottinin komandası Çempionlar Liqasının finalına vəsiqə qazanıb. Rəqibi isə digər Madrid təmsilçisi "Atletiko"dur. "Atletiko"nun ardıcıl qələbələr qazanması və "Barselona" ilə sonuncu oyunda heç-heçə edib çempion olması güclü komanda olmasından xəbər verir. Düşünürəm ki, final oyunu "Real" üçün çətin olacaq. Ancaq Ancelottinin təcrübəsi və əldə etdiyi nəticələr imkan verir ki, həlledici görüşdə onun komandası qalib gəlsin. Kapelloya gəlincə, "Yuventus"da çıxış etdiyim vaxtlarda iki il məşqçim olub. Bir məşqçi kimi onu çox yaxşı tanıyıram. O, əlindən gələni edəcək ki, Rusiya yığması ən azı 1/8 finala qədər irəliləsin. Təbii ki, bu heç də asan olmayacaq. Çünki güclü rəqiblərlə mübarizə aparmalı olacaq.

- Futbolçu kimi, həm "Yuventus"un, həm də "Milan"ın formasını geyinmisiniz. Bu komandalar qarşılaşanda hansına azarkeşlik edirsiniz?

- Karyeram ərzində daha çox "Yuventus"da oynamışam, uşaq vaxtlarımdan bu klubun fanatı olmuşam. Ürəyimdə bir klub var: "Yuventus"! Mənim ona olan məhəbbətimi hansısa ölçü vahidi ilə müəyyənləşdirmək mümkün deyil. Lakin oyunlar zamanı dəlicəsinə fanatlıq da etmirəm. "Milan" hansısa oyunda "Yuventus"u məğlub edirsə, bunu faciəyə çevirmirəm. Çünki "Milan"da da yaxşı münasibətdə olduğum dostlarım oynayıb və bu gün də çıxışını davam etdirənlər var.

Xəbər lenti

Xəbər lenti