...

Uçan hollandlar, alman maşını, yoxsa yeni italyan üslubu?

İdman Materials 17 İyun 2014 22:03 (UTC +04:00)
Braziliyada keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin ilk turu artıq yekunlaşır.
Uçan hollandlar, alman maşını, yoxsa yeni italyan üslubu?

Bəxtiyar Hacıyev - Trend:

Braziliyada keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin ilk turu artıq yekunlaşır. Elə ilk turun oyunlarından sonra real favoritlər məlum oldu.

Açılış matçında Xorvatiya yığmasını qəbul edən Braziliya gözlənilənlərin əksinə olaraq, uğursuz oyun sərgilədi. Əlbəttə, hesab qaneedicidir - 3:1. Hakimin səhv penalti qərarı da bu hesaba birbaşa təsir etdi. Xorvatların penaltidən öncə - son dəqiqələrdə rəqibi qapıya sıxışdırması isə braziliyalıların əsl gücünü göstərdi. Bu pərakəndə oyun tərzi ilə meydan sahiblərinin mundialın çempionu olacağını düşünmək sadəlövhlük olardı.

Hollandlar bir çoxlarının İspaniyaya olan ümidlərinin üstündən xətt çəkdi. Lui van Qallın əsasən gənc futbolçulardan təşkil etdiyi komanda sözün əsl mənasında şou göstərdi. İspanların əsasən xırda ötürmələrlə rəqibi "çərlətmək" taktikası hollandların həm fərdi, həm də komanda şəklində sürətli hücum futbolu qarşısında diz çökdü - 5:1.

İtaliya İngiltərəyə qarşı elə "ingilis üslubu"ndan istifadə etdi. İtalyanların görməyə alışdığımız cansıxıcı müdafiə futbolundan bu oyunda əsər-əlamət yox idi. Sürətli qısa və uzun ötürmələrlə hücum futboluna üstünlük verən apenninlilərin əzəli rəqiblərinə başağrısı olacağı qaçılmazdır. Məğlub olmalarına baxmayaraq, baxımlı oyun göstərən ingilislər isə çempion olmağa hələ "hazır deyillər".

Fransızlar autsayder Hondurasın qapısından 3 cavabsız top keçirsələr də, komandada cinahlar və xətlər arasında əlaqə yaratmaq çətinliyi açıq-aşkar görünürdü. Bu nüans güclü rəqiblərlə oyunda Didye Deşamı məyus edə bilər.

Debütant Bosniya və Herseqovinanı məğlub edən Argentina yığması isə bu qələbəyə görə Messinin fərdi ustalığına təşəkkür etməlidir, əks təqdirdə sürpriz nəticənin şahidi olacaqdıq. Argentinalılar komanda şəklində oynamaq baxımından bosniyalılardan xeyli geri qalırdılar. Messi isə hər oyunda xarüqələr yaratmayacaq. Bosniya bu "ağıllı oyun"la böyük ehtimalla 1/8 final mərhələsinə yüksələcək.

Və nəhayət, Almaniya. Portuqaliya millisini çətinlik çəkmədən, meydanda gəzişərək, güclərinin bəlkə də 50 faizindən istifadə edərək ağır məğlubiyyətə (4:0) uğradan almanlar isə çempionluğa əsas namizədlərdən biri olduqlarını bir daha nümayiş etdirdilər. Artıq almanların çempion olmaq vaxtıdır - bunu 2006-cı ildən Bundestimin baş məşqçisi olan Yoahim Löv də, futbolçular da yaxşı anlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti