Azərbaycan, Bakı, 3 sentyabr /Trend/
Avqustun son həftəsində Almaniyanın Fridrixşafen şəhərində ənənəvi "Eurobike" sərgisi keçirilib. Hər il oldugu kimi, bu dəfə də sərgidə velosiped və bu idman növü üçün zəruri olan ləvazimatların istehsalı ilə məşgul olan aparıcı şirkətlər iştirak ediblər.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, ümumilikdə 703 şirkətin təmsil olunduğu "Eurobike" sərgisini bizim üçün maraqlı edən amillərdən biri də Hollandiyanın məşhur "BBB" şirkətinin stendində Azərbaycanın şose velosipedi üzrə yığmasının və "Synergy Baku" kontinental komandasının üzvü Elçin Əsədovun fotosunun, habelə komandamızın üzərində tarixdə ilk dəfə 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarının rəsmi loqosu, Bakı və Azərbaycan sözləri həkk olunan idman köynəyinin nümayiş etdirilməsi olub.
Son illər ölkəmizdə velosiped idmanına olan marağın durmadan artması, velosipedçilərimizin nüfuzlu yarışlarda uğurlu nəticələr qazanması velosiped və velosipedçilər üçün müxtəlif ləvazimatlar istehsal edən şirkətlərin də diqqətindən yayınmır. Bu baxımdan "BBB" şirkətinin azərbaycanlı velosipedçini və komandamızın geyim formasını öz siması kimi təqdim etməsi olduqca qürurvericidir.