...

Bakı 2015-in könüllülərinin uniformaları nümayiş olunub (FOTO)

İdman Materials 24 Fevral 2015 21:03 (UTC +04:00)
Heydər Əliyev adına İdman Arenasında keçirilən Alov Qoruyanların oriyentasiya tədbirində Bakı 2015-in könüllülərinin uniformaları nümayiş olunub.
Bakı 2015-in könüllülərinin uniformaları nümayiş olunub (FOTO)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Bakı 2015 Avropa Oyunları bu gün Nar Mobile-ın dəstəyi ilə keçirilən Alov Qoruyan könüllülər proqramının iştirakçılarının geyinəcəyi uniformaların dizaynını nümayiş etdirib. Tədbirdə, həmçinin Avropa Oyunları texniki rəsmilərinin uniformaları da ictimaiyyətə təqdim olunub.

Oyunların Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, uniformaların təqdimatı Bakı 2015 Əməliyyat Komitəsinin 4000-dən çox könüllü üçün təşkil etdiyi məlumat və əyləncə xarakterli Alov Qoruyanların oriyentasiya sessiyasının bir hissəsi idi. Tədbir Bakı 2015 Oyunları zamanı sambo, cüdo və güləş yarışlarının keçiriləcəyi, yeni təmirdən çıxmış Heydər Əliyev adına İdman Arenasında baş tutub.

Tədbir Bakı 2015-in açılış mərasimi ərəfəsində başlayacaq Avropa Oyunları könüllülərinin təlim proqramının və fəaliyyətlərinin başlanğıncı hesab olunub.

Musiqi və videoçarxların nümayiş olunduğu, geniş auditoriyanın iştirakı ilə yadda qalan gecənin aparıcılığını Tural Əsədov və Hüsniyə Məhərrəmova edib. Alov Qoruyanlar sosial şəbəkə selfi kampaniyasında, rəqs fleşmobunda iştirak etmiş və Bakı 2015 Avropa Oyunlarının missiya və dəyərləri haqqında təqdimatları dinləyiblər. Onlara, həmçinin obyektlər, yarışlar və könüllü kimi onlardan gözləntilər haqqında məlumatlar, o cümlədən Bakı 2015-in idman elçiləri Suqra Müqabilzadə və Nazim Babayevlə müsahibələr təqdim olunub.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru və Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov könüllülərə müraciətində bildirib: "Sizin Alov Qoruyanlar proqramında iştirakınız sayəsində avropalı idmançılar mükəmməl yarışlar nümayiş etdirəcəklər. Siz, həmçinin şövq, səmimiyyət və fədakarlığınızla Oyunların ab-havasını yüksəltməyə kömək edəcəksiniz".

İştirakçılara 110 000 ədəd uniformanın Azərbaycandakı istehsal prosesindən bəhs edən videoçarx nümayiş etdirilib.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq tədbirdə çıxış edib: "Alov Qoruyanlar ilk Avropa Oyunlarını məxsusi edən amillərdən biridir. Bu gün onların həyəcanını görmək çox sevindiricidir və mən əminəm ki, könüllülərimizin bu həyəcanı Oyunlar zamanı da davam edəcək və onlar öz uniformalarını qürurla geyinəcəklər. Bakı 2015-in simaları kimi onların rolu bu tədbirin uğurlu keçməsi üçün olduqca vacibdir".

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib: "Bakı 2015 ALov Qoruyanlar proqramında könüllü olaraq iştirak etməklə minlərlə gəncimiz gələcəkləri üçün dəyərli bacarıqlar qazanacaqları hərtərəfli təlim proqramından faydalanacaq. Azərbaycan Avropanın ən gənc əhaliyə sahib ölkələrindən biridir və Bakı 2015-də iştirak etmək Alov Qoruyanların potensiallarını inkişaf etdirməsinə kömək edəcək".

Rəsmi uniformalarla yanaşı, Alov Qoruyanlara pulsuz Nar Mobile SİM kartı, iş saatlarında yeməklər və içkilər, obyektlərarası nəqliyyat, sertifikat və bir sıra digər həvəsləndirici mükafatlar veriləcək. Müsahibə prosesində Alov Qoruyanların adına verilmiş SİM kartlar Oyunlar zamanı könüllərlə Bakı 2015 arasında kommunikasiyanı asanlaşdıracaq. Bu proqram, həmçinin könüllüllərə bir aylıq pulsuz tarif qazanmaq imkanı verir.

Nar Mobile şirkətinin baş icraçı direktpru Kent McNeley bildirib: "Biz Bakı 2015 Avropa Oyunlarının rəsmi tərəfdaşı olmaqdan və Alov Qoruyanlar proqramını dəstəkləməkdən böyük qurur duyuruq. Nar Mobile Alov Qoruyanların Oyunların uğurlu keçməsinə töhfə vermələrində önəmli rol oynayacaq. Biz Bakı 2015-i təşviq etməyə və Oyunları beynəlxalq idman xəritəsinə daxil etməyə kömək edəcək mobil proqram və cib təlimatı, o cümlədən maraqlı marketinq proqramı hazırlayacağıq".

Bakı 2015 Alov Qoruyan könüllülər proqramına qeydiyyat hələ davam edir. Daha ətraflı məlumat əldə etmək üçün www.baku2015.com/az/join-us/volunteers səhifəsinə daxil olun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti