Azərbaycan, Bakı, 21 sentyabr /Trend/
Böyük Britaniyanın paytaxtı Londonda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli kanoe-slalom üzrə dünya çempionatı keçirilib. Nüfuzlu reqatada Azərbaycanı Yure Meqliç təmsil edib.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 31 yaşlı idmançı kişilər arasında 1 nəfərlik kayak qayığı ilə mübarizə aparıb. O, seçmə mərhələdə 83,73 xalla 11-ci yeri tutaraq yarımfinala yüksəlib. Növbəti mərhələdə Y.Meqliç 95,20 xalla 14-cü olub. Bu nəticə ilə Azərbaycan təmsilçisi final mərhələsindən kənarda qalıb. Lakin Y.Meqliç 15 ən güclü kanoe-slalomçuların sırasına düşdüyündən reqlamentə əsasən olimpiadaya lisenziya qazanıb.
Beləliklə, ölkəmiz 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında daha bir yeni növ üzrə iştirak hüququna yiyələnib. Azərbaycan Milli Avarçəkmə Federasiyası isə təmsil olunduğu 4 olimpiya növünün hamısında olimpiadaya vəsiqə əldə edib. Daha öncə akademik avarçəkənlər Aleksandr Aleksandrov və Boris Yotovdan ibarət duet 2 nəfərlik qayıqla 2000 metr, kayakçı İnna Osipenko-Rodomska qadınlar arasında 1 nəfərlik qayıqla 200 metr və 500 metr, kanoeçi Valentin Demyanenko isə 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə lisenziyaya sahib çıxıb.