...

Yaponiyalı idmançı Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda yeni element göstərib

İdman Materials 19 Fevral 2016 13:34 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda çıxış edən yaponiyalı gimnast Kenzi Şirai sərbəst hərəkətlərdə yeni element nümayiş etdirib.
Yaponiyalı idmançı Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda yeni element göstərib

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda çıxış edən yaponiyalı gimnast Kenzi Şirai sərbəst hərəkətlərdə yeni element nümayiş etdirib.

O, təsnifat çıxışında üç vintli ikiqat saltonu icra edib. Bu element Beynəlxalq Gimnastika Federasiyası tərəfindən bu yaxınlarda təsdiq edilib və gimnastın özünün şərəfinə "Shirai Three" adlandırılıb.

Qeyd edək ki, bu element beynəlxalq səviyyədə ilk dəfə nümayiş etdirilib.

Sərbəst hərəkətlərdə birinci rotasiyadan sonra K.Şirai 14,850 balla birinci yeri tutur.

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku 19-21 fevral tarixlərində 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçiriləcək. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparacaq, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edəcək.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Tamaşaçıların yarışlardan daha çox zövq alması üçün Kubok boyunca müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar təşkil olunacaq.

Favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır. Qadınlar arasında Azərbaycanı Yuliya İnşina, Marina Nekrasova və Mariya Smirnova təmsil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti