...

Teymur Rəcəbov: Şahmat Olimpiadasının Bakıda keçirilməsi ölkə idmanı üçün tarixi hadisədir

İdman Materials 19 May 2016 15:23 (UTC +04:00)
Bu müddətdə güclü heyətin təmsil olunduğu superturnirdə iştirak etməyi planlaşdırırdım. Amma dəvət almadım. Buna görə də demək olar ki, məşq və hazırlıq planlarım pozuldu.
Teymur Rəcəbov: Şahmat Olimpiadasının Bakıda keçirilməsi ölkə idmanı üçün tarixi hadisədir

Bakı. Trend:

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətinin suallarına cavab verib.

- Uzun müddətdir Teymur Rəcəbov heç bir yarışda iştirak etmir. Səbəbini bilmək olar?

- Bu müddətdə güclü heyətin təmsil olunduğu superturnirdə iştirak etməyi planlaşdırırdım. Amma dəvət almadım. Buna görə də demək olar ki, məşq və hazırlıq planlarım pozuldu.

- Bir neçə gündən sonra Şəmkirdə keçiriləcək Vüqar Həşimovun ənənəvi xatirə turnirində iştirak edəcəksiniz. Hansı hədəflər uğrunda mübarizə aparacaqsınız?

- Mən həmişə turnirlərdə maksimum nəticə uğrunda mübarizə aparmağa çalışıram. Şəmkirdə də mümkün qədər yaxşı çıxış etməyə çalışacağam.

- Dünya çempionu Maqnus Karlsen bu dəfə Şəmkirdəki turnirdə olmayacaq. Sizcə onun yoxluğu rəqabətə təsir edəcək?

- Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirdə sonuncu çıxışım zamanı Maqnus Karlsenlə görüşlərdən birində qələbə qazanmağa nail olmuşdum. Ona görə Karlsenin bu dəfə də Şəmkirdə mübarizə aparması daha yaxşı olardı. Karlsen bu turnirdə iştirakçılar sırasında olsaydı, sözsüz ki, favorit olacaqdı. Onun yoxluğunda isə digər şahmatçılar arasında qələbə uğrunda rəqabət artacaq.

- Hazırda hansı məşqçi ilə işləyirsiniz?

- Belə məlumatları mətbuata ötürməməyə üstünlük verirlər. Məşqçi heyəti məlum olanda rəqiblər şahmatçıya qarşı necə hazırlaşmağı daha yaxşı bacarır.

- Bakı 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etməyə hazırlaşır. Bu yarışın Azərbaycan paytaxında təşkili sizin üçün nə deməkdir?

- Biz - Azərbaycan şahmatçıları Ümumdünya Şahmat Olimpiadası kimi mötəbər yarışın Bakıda keçiriləcəyinə görə fəxr edirik. Azərbaycan çoxlu sayda vacib yarışları təşkil edir. Layiqli olaraq Azərbaycan dünyada mötəbər idman yarşlarını keçirən ən yaxşı təşkilatçı ölkə kimi tanınır. Şahmat Olimpiadasının Bakıda təşkili, eyni zamanda biz şahmatçıların məsuliyyətini artırır. Mümkün qədər yaxşı çıxış edərək azarkeşlərimizə sevinc bəxş etmək istəyirik.

- Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasından Bakıdakı olimpiadada hansı nəticəni gözləmək olar?

- Əgər istədiyimiz mübarizəni göstərsək, milli komandamızdan ən yüksək nəticələri gözləmək olar. Unutmaq olmaz ki, Azərbaycan yığması ikiqat Avropa çempionudur.

- Şahmat Olimpiadası Azərbaycan idmanına nə verəcək?

- Şahmat Olimpiadasının Bakıda keçirilməsi ölkə idmanı üçün tarixi və əlamətdar hadisədir. Bu, bütün dünyada, o cümlədən ölkəmizdə şahmatın təbliğinə böyük təkan olacaq. Olimpiada dünya mətbuatında geniş işıqlandırılır. Olimpiada uşaqların şahmata cəlb olunmasına da kömək edəcək. İnkişaf üçün gənc nəslin şahmatla məşğul olması vacibdir. Şahmatla məşğul olan uşaqlar pis vərdişlərdən uzaq olacaqlar.

- Azərbaycanda hazırda şahmatın vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan millisinin ikiqat Avropa çempionu olduğunu qeyd etdim. Millimiz müxtəlif illərdə qitə birinciliyinin gümüş və bürünc mükafatçısı olub. Azərbaycan şahmatçılarından mənimlə Şəhriyar Məmmədyarov iki dəfə dünya çempionluğuna iddiaçıların turnirində iştirak etmişik. Azərbaycan şahmatının potensialı yüksəkdir.

- Olimpiadada Azərbaycan 3 kişi, 3 qadın komandası ilə çıxış edəcək. Sizcə gənc şahmatçılara olimpiadada iştirak necə təsir edəcək?

- Şübhəsiz ki, bizim gənc şahmatçılarımız böyük təcrübə qazanacaq. Psixoloji mübarizədə böyük məktəb keçəcəklər. Daha yüksək səviyyəyə yüksəlmək üçün təkan olacaq. Ümid edirəm ki, Bakı Şahmat Olimpiadasından sonra kişi və qadın yığma komandalarımız güclü ehtiyat qüvvə əldə edəcək.

- 2016-cı ildə hansı yarışlarda iştirak edəcəksiniz?

- Bir neçə gündən sonra Şəmkirdə keçiriləcək Vüqar Həşimovun xatirə turnirində iştirak edəcəyəm. Sonra Ümumdünya Şahmat Olimpiadası, ardınca komandalar arasında İspaniya çempionatında, Korsikada sürətli şahmat üzrə turnirdə mübarizə aparacağam. İlin sonunda isə Qətərdə təşkil olunacaq rapid və blits üzrə dünya çempionatında çıxış edəcəyəm.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti