...

Argentina mətbuatında Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasına həsr olunmuş yazı dərc olunub

İdman Materials 4 İyun 2016 11:09 (UTC +04:00)
Argentinanın aparıcı KİV-lərindən olan “La Nacion” qəzetində argentinalı jurnalist Karlos Llardo tərəfindən “Lövhə üzərində alov: Azərbaycanda şahmat olimpiadası” başlıqlı məqalə dərc edilib.
Argentina mətbuatında Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasına həsr olunmuş yazı dərc olunub

Bakı. Trend:

Argentinanın aparıcı KİV-lərindən olan "La Nacion" qəzetində argentinalı jurnalist Karlos Llardo tərəfindən "Lövhə üzərində alov: Azərbaycanda şahmat olimpiadası" başlıqlı məqalə dərc edilib.

Trend sentyabrın 1-14-də Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasına həsr olunmuş bu məqaləni təqdim edir:

Şahmat oyunu Avrasiyada, Qərbi Asiya və Şərqi Avropa arasında Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan, İran və Xəzər dənizi ilə sərhədləri olan, Cənubi Qafqazda yerləşən coğrafi bir nöqtə - Azərbaycan Respublikasında yalnız qədim və mədəni fəaliyyət deyildir: eyni zamanda futbol və güləş daxil olmaqla bu ölkənin ən məşhur idman növlərindəndir.
Məhz bu səbəbdən 1-14 sentyabr tarixlərində paytaxt Bakı şahmat lövhəsi üzərində ən məşhur tədbirlərdən birinə - 42-ci Şahmat Olimpiadasına ev sahibliyi edəcəkdir. 1924-cü ildə Beynəlxalq Federasiya tərəfindən (FİDE- Fransız abreviaturasına uyğun olaraq) seçilmiş komandalar üzrə əsas çempionat oyunlarından biri hesab edilir. 170 ölkədən 3000-dən çox idmançının ( Argentina 2 cütlük ilə iştirak edəcəkdir, bir cütlük qadın, digəri isə kişi heyətindən ibarətdir) iştirak edəcəyi sözügedən olimpiada təşkilatçıların da bildirdiyi kimi tarixin ən yaxşı olimpiadası olacaqdır.

Füsunkar Kristal Hall isə (25 min izləyici potensialı vardır) tədbirin keçiriləcəyi məkan kimi seçilmiş və ekspertlərin yoxlama nəzarətindən uğurla keçmişdir.

"Bizim bu səviyyədə keçiriləcək tədbirlər sahəsində təcrübəmiz vardır, 2015- ci ildə Bakıda Dünya Şahmat Kuboku (Karjakin qalib olmuşdur) və 1-ci Avropa Oyunları keçirilmişdir. İştirakçıların sayından asılı olmayaraq bu dəfə də tədbirin yüksək səviyyədə keçirilməsində heç bir problem olmayacaqdır", - deyə Azərbaycanın Argentinadakı Səfirliyinin müvəqqəti işlər vəkili Rəşad Aslanov "La Nacion" qəzetinə bildirmişdir.

R.Asalanov habelə qeyd etdi: "Sovet İttifaqı və daha sonra müstəqillik dövründə ümummilli lider Heydər Əliyev bizim şahmat məktəbini beynəlxalq yarışlarda iştirak edəcək səviyyəyə qədər qaldırmışdır. Bu gün bizim təcrübəli müəllimlər tərəfindən yetişdirilmiş yaxşı oyunçularımız vardır və şahmatın pedaqoji keyfiyyətinə inandığımızdan hər ötən gün məktəblərdə sözügedən oyunların keçirilməsi artmaqdadır. 2012-ci ildə İstanbulda FİDE-nin Komitəsinə 2016-cı ildə keçiriləcək 42-ci Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi üçün təkliflərimiz təqdim olunmuş və Dünya Şahmat Federasiyaları prezidentlərinin səs çoxluğu ilə qəbul edilmişdir".

Söhbət zamanı səfirliyin əməkdaşı Gülşən Xıdırova isə əlavə etdi: "Sentyabr ayında Bakıya səfər edəcək argentinalılar hava şəraiti ilə bağlı heç bir çətinlik yaşamayacaqlar, belə ki, həmin dövrdə Argentinada mart ayında mövcud olan, yay fəslindən payıza keçid dövrünü xatırladan, lakin daha küləkli hava şəraiti hökm sürəcəkdir. Həmçinin burada şəhərdə hərəkət etmək və Şirvanşahlar Sarayı, Qız Qalası, Zaha Hadidin qeyri-adi əl işi hesab edilən Heydər Əliyev mərkəzi kimi qədim və müasir memarlıq abidələrini ziyarət etmək üçün metro, taksi, avtobus kimi keyfiyyətli nəqliyyat xidmətləri vardır".

Odlar Yurdunda - bu Azərbaycan sözünün etimoloji mənasıdır - sözügedən oyun Şahmat adlanır - Jaque Mate olan ərəb sözündən əmələ gəlmiş və həmin mədəniyyətlə sıx əlaqələri vardır, belə ki, IX-XV əsrlərin əsas yazarlarından olan Xəqani, Nizami və Fizuliyə məxsus əsərlərdə şahmata dair məlumatlara rast gəlmək mümkündür. Habelə, Qarabağ şairəsi Xürşudbanu Natəvanın qeydlərində fransız yazıçısı Aleksandr Dumanın XIX əsrin ortalarında Azərbaycana səfəri zamanı onunla şahmat oynamasına dair məlumatlar vardır.
Tədbirin təhlükəsizliyi təşkilatçıların nəzərində olan əsas məsələlərdəndir. R.Aslanov qeyd etdi: "Bu hamımız üçün ciddi və çox əhəmiyyətli məsələdir, belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yarışmada iştirak edəcək izləyicilər və dəvətlilərin təhlükəsizliyinin təmin edilməsi üçün artıq müvafiq sərəncam imzalamışdır".
"Bura erməni heyəti də daxildirmi?" sualımıza R.Aslanov belə cavab verdi: "Təbii ki, biz bütün icmalardan iştirakçıları qəbul etməyə hazırıq. 2015-ci ildə Azərbaycanda keçirilmiş Dünya Şahmat Kuboku zamanı erməni şahmatçılar iştirak etmiş və bununla bağlı heç bir neqativ hal yaşanmamışdır.

Hər iki ölkə arasında mövcud münaqişənin lövhə üzərində idmana təsir etməməsi maraqlı olardı, belə ki, erməni komandasının olması (hələ ki, hər hansı bir idmançının iştirakı təsdiqlənməmişdir) lövhə üzərində rəqabətə təsir göstərərdi".

Hər iki tərəfin dünya üzrə güclü şahmatçıları mövcuddur: Azərbaycan FİDE-yə daxil 175 ölkə arasında 9-cu sırada yer almışdır (Argentina 25-ci sıradadır) və Ermənistan son 6 olimpiadadan 3-ündə qalib olmuşdur.

Hazırda Azərbaycanda qalaqurma və qambit zamanıdır: paytaxt Bakı ən yaxşı şahmat oyununu həyata keçirməyə hazırlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti