...

Buzovnada yeni idman zalı istifadəyə verildi (FOTO)

İdman Materials 9 Aprel 2018 14:11 (UTC +04:00)
Bu gün Xəzər rayonu, Buzovna qəzəbəsində yeni idman zalının açılış mərasimi baş tutub.
Buzovnada yeni idman zalı istifadəyə verildi (FOTO)

Bakı. Trend:

Bu gün Xəzər rayonu, Buzovna qəzəbəsində yeni idman zalının açılış mərasimi baş tutub.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Xəzər rayon icra hakimi Gülağa İslamov, deputat Rauf Əliyev və digər rəsmilər iştirak ediblər.

Çıxışı zamanı nazir Azad Rəhimov bildirib ki, Buzovna qəsəbəsində inşa edilmiş idman zalı Prezidentin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilib. Binada universal idman zalı, trenajor zalı, şahmat otağı, tədris otağı və digər mərkəzlər var.

Azad Rəhimov bildirib ki, bu gün ölkəmizdə 43 OİK fəaliyyət göstərir:

"Bir müddət bundan öncə Tərtərdə sayca 44-cü, Beyləqanda isə 45-ci OİK-in təməli qoyuldu. Bu il Lənkəran OİK-in istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, Goranboy və Neftçala rayonlarında növbəti OİK-in tikintisinə başlanılıb. Yardımlı rayonunda isə İdman Kompleksinin tikintisi davam etdirilir.”

Buzovna idman zalının layihə-smeta sənədləri “ArchiCo” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanıb. Tikinti-quraşdırma işləri “İçəri Şəhər Tikinti və Bərpa” MMC tərəfindən yerinə yetirilib. Tikinti işlərinə 2013-cü ildə başlanılıb. Obyektin ümumi tikinti altı sahəsi 1300 kv.m, ümumi sahəsi 1827 kv.m təşkil edir.

Obyektin baş planına əsasən, burada idman zalı binası – 2 mərtəbədən ibarətdir.

Binada universal idman zalı, trenajor zalı, şahmat otağı, tədris otağı, kafe, məşqçi otağı, həkim otağı, müdiriyyət və işçi otaqları, anbar, idmançılar üçün soyunub-geyinmə, duş, sanitar qovşaqlar, giriş hissədə qeydiyyat hissəsi (reception) var.

Bina müvafiq inventar və avadanlıqlarla təchiz edilib.

Bunlarla yanaşı, baş plana əsasən ərazidə süni örtüklü voleybol meydançası və həmin meydança üçün soyunub-geyinmə, duş və sanitar qovşaqları olan 2 hissədən ibarət bina inşa edilib.

Eyni zamanda, içməli və yanğına qarşı ehtiyat su anbarı, qazanxana, nasosxana inşa edilib, komplekt transformator məntəqəsi quraşdırılıb.

İdman zalı müasir soyutma, isitmə, ventilyasiya, işıqlandırma, yanğın siqnalizasiya sistemləri ilə təchiz edilib və obyekt su, qaz, işıq, rabitə xətləri ilə təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti