...

Alfa Liqada qruplar bəlli oldu (FOTO)

İdman Materials 7 May 2018 13:08 (UTC +04:00)
Alfa Liqanın təqdimat və püşkatma mərasimi keçirilib.
Alfa Liqada qruplar bəlli oldu (FOTO)

Bakı. Trend:

Bakı Biznes Mərkəzində yerləşən “Şam Bulvar” restoranında Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı və “Bakcell”in baş sponsorluğu ilə təşkil olunacaq Alfa Liqanın təqdimat və püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, aparıcı Araz Əhmədov qonaqları salamladıqdan sonra AMF-in baş katibi Azər Hüseynov söz alaraq federasiya adından tədbirə təşrif buyuran hər kəsə təşəkkürünü bildirib.

Federasiya rəsmisi çıxışında minifutbol üzrə yığma komandamızın baş məşqçininin adını açıqlayıb. Məlum olub ki, yığmamızı PRO kateqoriyalı mütəxəssis, vaxtı ilə “Rəvan” və “İnter” kimi klublarda çalışmış, hazırda futzal üzrə Yüksək Liqada II pillədə qərarlaşmış “Marafon” komandasının sükanı arxasında olan Elşad Quliyev çalışdıracaq. Həmçinin bəlli olub ki, AMF Avropa Minifutbol Federasiyasından sonra yenicə Dünya Minifutbol Federasiyasının da üzvünə çevrilib. Hüseynov çempion olacaq komandanın ölkəmizi sentyabr ayında Sloveniyada təşkil olunacaq minifutbol üzrə Avropa Çempionlar Liqasında təmsil edəcəyindən də bəhs edib.

Turnirin formatı və reqlamenti iə bağlı videoçarx izləndikdən sonra baş katib Alfa Liqanın baş mükafatı olan gümüş suyuna salınmış, xalis gümüş və qızıl işləmələrlə bəzədilmiş kuboku qonaqlara təqdim edib.

Bundan sonra mərasimin əsas hissəsi olan püşkatmaya start verilib.

Qruplardakı ilk komandaları müəyyən emtək üçün ilk olaraq baş sponsor “Bakcell”in nümayəndəsi Elnur Səfərov səhnəyə dəvət alıb. II sıradakı komandaları isə AMF-in təsisçisi olan “Azfar Group”un nümayəndəsi Mahir Cəbiyev müəyyənləşdirib. Bu minvalla III və IV sıradakı komandaları uyğun olaraq “Zirə” peşəkar futbol klubunun prezidenti Natiq İsmayılov və minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev səbətdən çıxartdıqları püşklərlə müəyyənləşdiriblər. Beləliklə “kor” püşk sistemilə 32 iştirakçı hər qrupda 4 komanda olmaqla 8 qrupda yer alıb.

A qrupu – İOSC, Rezident, Pepsi, Baktelekom
B qrupu – İCE, Sirab, Turin, Carclub
C qrupu – Eminspor, Avengers, Azersun, TOTA
D qrupu – Mr. Fix, KATV, Sky Travel, Zirə
E qrupu – Uğur, Vur Komandir, Archico, Galaxy
F qrupu – LSS, Sirena Motors, Kapitanlar, Bayern Bakı
G qrupu – Timsport, Universal, Peçat Dönər, Azfar Group
H qrupu – Borçalı, Maştağa, Bərdə Aristokrat, STP

Tədbirin sonunda Azər Hüseynov hər bir komandaya uğurlar arzulayıb.

Daha sonra isə qonaqlar fəxri mükafatın fonunda xatirə şəkli çəkdirib və “furşet” masasına buyurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti