...

Azərbaycan Gimnastika Federasiyasının 2019-cu il üçün TƏQVİM PLANI

İdman Materials 26 Oktyabr 2018 12:14 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyası (AGF) 2019-cu il ərzində Bakıda təşkil olunacaq gimnastika növləri üzrə beynəlxalq yarışların təqvim planını təqdim edib.
Azərbaycan Gimnastika Federasiyasının 2019-cu il üçün TƏQVİM PLANI

Bakı. Trend:

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2019-cu il ərzində Bakıda təşkil olunacaq gimnastika növləri üzrə beynəlxalq yarışların təqvim planını təqdim edib.

AGF-dən Trend-ə verilən məlumata görə, növbəti il federasiya yenidən zəngin iş planı ilə çalışaraq 2019-cu ilə 16-17 fevral tarixlərində batut gimnastikası üzrə Dünya Kuboku ilə start verəcək.

Bir ay sonra – 14-17 mart tarixlərində meydança idman gimnastlarının olacaq. Bu tarixlərdə artıq 4-cü dəfə ölkəmizdə idman gimnastikası üzrə Dünya Kuboku baş tutacaq.

Aprel və may ayları isə bədii gimnastların çıxışları ilə əlamətdar olacaq. 26-28 aprel tarixlərində bu növ üzrə Dünya Kuboku, bir neçə həftə sonra – 17-19 may tarixlərində Avropa çempionatı təşkil olunacaq.

Bu il federasiya ilk dəfə olaraq gimnastikanın iki növü üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Belə ki, bədii gimnastların ardınca, 24-26 may tarixlərində qitənin ən güclü aerobika gimnastları paytaxtımızda toplaşacaq.

2019-cu ilin 20-28 iyul tarixlərində şəhərimizdə ilk dəfə olaraq daha bir mötəbər yarış – Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Bu festival çərçivəsində baş tutacaq idman gimnastikası üzrə yarışlar da məhz Milli Gimnastika Arenasında olacaq.

Və ilin nəzərdə tutulan son yarışı bədii gimnastika üzrə dünya çempionatıdır. Bakı 14 ildən sonra yenidən dünya birinciliyinə ev sahibliyi edərək, ən güclülərin müəyyənləşdiyi mübarizənin şahidi olacaq.

Paytaxtımızda baş tutacaq hər 3 Dünya Kuboku, eləcə də dünya çempionatının əsas özəlliklərindən biri isə məhz 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması olacaq.

Qeyd edək ki, gimnastika növləri üzrə bütün beynəlxalq yarışların Milli Gimnastika Arenasında baş tutması daimi gimnastika tamaşaçılarını daha da sevindirəcək. Belə ki, onlar sərfəli şərtlərlə “Mövsümi Bilet” əldə edərək, artıq bütün beynəlxalq gimnastika yarışlarını özlərinə məxsus oturacaqlardan izləyə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti