...

Azərbaycanlı gimnast: Akrobatika gimnastikası üzrə Dünya Kubokunda məqsədimiz birinci yer tutmaqdır

İdman Materials 14 Noyabr 2018 12:58 (UTC +04:00)
Akrobatika gimnastikası üzrə Dünya Kubokunda bizim bir məqsədimiz var – birinci yer tutmaq
Azərbaycanlı gimnast: Akrobatika gimnastikası üzrə Dünya Kubokunda məqsədimiz birinci yer tutmaqdır

Bakı. Trend:

Akrobatika gimnastikası üzrə Dünya Kubokunda bizim bir məqsədimiz var – birinci yer tutmaq.

Bunu Trend-ə azərbaycanlı gimnast, Murad Əkpərovla cütlükdə çıxış edən Seymur Cəfərov deyib.

O bildirib ki, yoxlama məşqi uğurla keçib:

“Bəzi mənfi məqamlar olsa da, onları düzəltməyə vaxt var. Ümid edirəm ki, biz turnirdə uğurla çıxış edəcəyik, hədəfimiz birinci yeri tutmaqdır. Biz həm fiziki, həm də psixoloji baxımdan hazırıq”.

S.Cəfərof əlavə edib ki, akrobatika gimnastikası üzrə Dünya Kubokunun ilk dəfə olaraq Bakıda keçirilməsi məsuliyyət hissini daha da artırır:

“Bu turnir ilk dəfədir ki, Azərbaycanda keçirilir, ona görə də intensiv hazırlaşmaq lazımdır. Öz vətənində qalib olmaq və bayrağı yüksəltmək böyük qürurdur və ilk növbədə böyük məsuliyyətdir”.

17-18 noyabr tarixlərində Bakıda Milli Gimnastika Arenasında ilk dəfə olaraq gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə Dünya Kuboku təşkil olunacaq.

Yarışda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparacaqlar. Beynəlxalq turnirdə Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna komandaları təmsil olunacaq.

Ölkəmizi bu kubokda son Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi - Ruhidil Qurbanlı və Ağasif Rəhimov - Nurcan Cabbarlı təmsil edəcəklər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov - Murad Əkpərov ən yaxşı yer uğrunda mübarizə aparacaq.

Turnirdə ən yüksək icra xalını toplamış cütlüklər və qruplara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti