...

Qadın güləşçilərimiz Çin və Monqolustan idmançıları ilə birgə toplanış keçəcək

İdman Materials 7 Fevral 2019 13:49 (UTC +04:00)
Qadın güləşçilərimiz Çin və Monqolustan idmançıları ilə birgə toplanış keçəcək.
Qadın güləşçilərimiz Çin və Monqolustan idmançıları ilə birgə toplanış keçəcək

Bakı. Trend:

2019-cu ildə ilk təlim-məşq toplanışını Türkiyənin Kayseri şəhərində keçən qadın güləşçilərdən ibarət yığmamız hazırlıq prosesini başa vurduqdan sonra Fransanın Nitsa şəhərində təşkil olunan “Qran-pri”də qüvvəsini sınayıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, millimiz Qərbi Avropadan Vətənə 3 medalla qayıdıb.

Komandanın baş məşqçisi Aslan Ağayev təlim-məşq toplanışının yüksək səviyyədə keçdiyini bildirib: "Dağlıq məkanda keçdiyimiz hazırlığın böyük faydası oldu. Əsas fiziki hazırlığa diqqət yetirmişdik, ancaq taktiki-texniki hazırlığı da unutmamışdıq. Çünki Fransadakı Qran-pri turnirinə hazırlaşırdıq. Daha sonra 6 güləşçi ilə Nitsa şəhərinə yollandıq. Qran-pridə 3 medal qazandıq. Alyona Kolesnik (57 kq) və İrina Netreba (65 kq) çempion oldu. Səbirə Əliyeva (76 kq) isə üçüncü yeri tutdu. Əslində digər yığma üzvləri də yaxşı güləşdi. İştirakçı sayı az olduğundan onlar dairəvi sistem üzrə mübarizə apardı. Elmira Qəmbərova (62 kq) üç görüşdə qələbə qazandı, bir qarşılaşmada uduzdu. Lakin onun qalib gəldiyi rəqib medal qazansa da, Elmira fəxri kürsüyə qalxa bilmədi. Türkan Nəsirovanın (50 kq) nəticəsi isə iki qələbə, iki məğlubiyyət oldu. Tatyana Varantsova (53 kq) gənc güləşçidir. Onu da bu yarışda sınaqdan keçirdik. Pis təsir bağışlamadı, amma üzərində hələ çox işləməlidir”.

Təcrübəli mütəxəssis qarşıdakı planlar haqqında isə bunları deyib: “Fevralın 20-dən Türkiyədə növbəti təlim-məşq toplanışına başlayacağıq. Bu dəfə hazırlıq prosesi Ədirnədə baş tutacaq. Gənclər də bizimlə birgə toplanışda iştirak edəcək. Onlar oradan 23 yaşadək güləşçilərin Avropa çempionatına yollanacaq. Qalan heyət martın 4-də Vətənə qayıdacaq. Ədirnədə Çin və Monqolustan yığmaları ilə birgə toplanış keçəcəyik. Böyüklərin qitə birinciliyinə qədər daha bir Türkiyə toplanışı gözlənilir. Ancaq son hazırlıq prosesinin Türkiyənin hansı şəhərində keçiriləcəyi hələ məlum deyil”.

Yığmamızın çalışdırıcısı yeniyetmələr arasında dünya və Avropa çempionu, Olimpiadanın bürünc medalçısı Şahanə Nəzərovanı da nəzərində saxlayır: “Ədirnə toplanışında Şahanə Nəzərova da iştirak edəcək. Hazırda onun çəkisi 44 kq-dır. Çəkisini minimum 50 kq-a yüksəltməliyik ki, ən yüngül kateqoriyada iştirak edə bilsin. Bunun üçün ayrıca məşqçi tutmuşuq. Fiziki durumunu istədiyimiz səviyyəyə çatdırmağa və əzələ kütləsini artırmağa çalışırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti