...

Yeni Zelandiya gimnastı: Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb

İdman Materials 13 Fevral 2019 18:44 (UTC +04:00)
Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb
Yeni Zelandiya gimnastı: Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb

Bakı. Sara İsrafilbəyova - Trend:

Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb.

Bunu Trend-ə yeni zelandiyalı gimnast Dilan Şmidt deyib.

O, ilk dəfə Azərbaycanda olduğunu bildirib. Gimnast əlavə edib ki, məşqlər yaxşı davam edir:

“Özümü yaxşı hiss edirəm. Zədəli olduğum üçün bir ildən çox yarışlarda iştirak etməmişəm. Ötən il mənim ciddi zədəm var idi. İndi mən əvvəlkindən daha az hündürlüyə tullanıram, amma ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, Bakıda fevralın 16-17-də batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışı keçiriləcək.

Turnirdə 31 ölkədən 200-dən artıq gimnastın mübarizə aparacağı gözlənilir. 2019 və 2020-ci illərdə Tokio Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 Dünya Kuboku yarışı keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə ev sahibliyi edəcək.

Ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) təşkil olunub. Bu il baş tutacaq yarışa marağın səbəbi isə kubokun təsnifat xarakterli olmasıdır.

Ölkəmizi turnirdə batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz Mixail Malkin təmsil edəcəklər.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti