Bakı. Trend:
8-16 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyi start götürüb.
Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, 50 ölkədən 200-dən çox atletin mübarizə apardığı yarışda Azərbaycan milli komandasının üzvləri də iştirak edirlər. Bu gün onlardan ilk olaraq körpücük üzərinə Ömər Cavadov çıxıb. O, 55 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirərək 96 kq nəticə göstərib. Bu nəticə ilə o, bu hərəkətdə dünya birinciliyinin bürünc medalına sahib çıxıb. Bu, Azərbaycan yeniyetmələrinin dünya birinciliklərində 7 illlik fasilədən sonra əldə etdiyi ilk medaldır. Sonuncu dəfə 2012-ci ildə Slovakiyanın Koşitse şəhərində keçirilən yarışda +94 kq çəki dərəcəsində Azər Məmmədli nail olmuşdu.
Ömər təkanla qaldırma hərəkətində nisbətən zəif çıxış edərək 115 kq-ı başı üzərinə qaldırıb. O, bu hərəkətdə 9-cu yeri tutub.
Toplam 211 kq (96+115) nəticə göstərən Cavadov yekun sıralamada 4-cü pillədə qərarlaşıb.
Yarışdan sonra Ömər Cavadov federasiyanın rəsmi saytına açıqlama verib. Gənc atletimiz əldə etdiyi uğurla bağlı hisslərini bölüşərək bunları deyib: “Uzun müddətdir Azərbaycan yeniyetmələr arasında dünya birinciliyində medal qazana bilmirdi. Şükürlər olsun ki, mən bu uğura nail ola bildim. Çətin oldu, amma yaxşı ki bu bürüncə sahib çıxdım. Məşqçi və müəllimlərinin əməyi böyükdür. İlk öncə şəxsi məşqçim Ağakərim Kərimova təşəkkürlərimi bildirirəm. Bununla yanaşı, yığma komandada əziyyətimi çəkən bütün məşqçilər, həmçinin rəhbər olaraq Tofiq Heydərova, federasiyanın bütün rəhbərliyinə minnətdarlığımı bildirirəm. İnşallah, qarşıdakı yarışlarda da Azərbaycanın bayrağını yüksəltməyə çalışacam”.