...

NBA Azərbaycan Yeniyetmələr Liqasının təqdimatı olub (FOTO)

İdman Materials 29 Yanvar 2020 23:40 (UTC +04:00)
Yanvarın 29-da Amerika Milli Basketbol Assosiasiyasının (NBA) və Azərbaycan Basketbol Federasiyasının (ABF) təşkilatçılığı ilə Azərbaycanda 12-14 yaşlı məktəbli oğlanlar və qızların mübarizə aparacağı NBA Azərbaycan Yeniyetmələr Liqasının təqdimatı olub
NBA Azərbaycan Yeniyetmələr Liqasının təqdimatı olub (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Yanvarın 29-da Amerika Milli Basketbol Assosiasiyasının (NBA) və Azərbaycan Basketbol Federasiyasının (ABF) təşkilatçılığı ilə Azərbaycanda 12-14 yaşlı məktəbli oğlanlar və qızların mübarizə aparacağı NBA Azərbaycan Yeniyetmələr Liqasının təqdimatı olub.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, dünyada böyük populyarlıq qazanan, milyonlarla insanın azarkeşi olduğu NBA Liqası Azərbaycan Basketbol Federasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb. O bildirib ki, bu müqavilə Azərbaycan idmanı üçün önəmli hadisələrdən biridir: “Artıq bu yarış Azərbaycandadır. Bu, bizi çox sevindirir. Bu ad altında bizim də oğlan və qızlarımız çıxış edəcəklər. Bu gün Azərbaycanda idmanın mövcud maddi-texniki bazası bizə imkan verir ki, ölkəmizdə basketbolu da inkişaf etdirək. Bu mənada, ölkədə bütün idman komplekslərinin qapıları basketbola açıq olacaq”.

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bu addım gələcəkdə Azərbaycan məktəblərinin hər birində basketbol komandalarının yaranmasına səbəb olacaq. O vurğulayıb ki, hazırda şagirdlər arasında basketbola maraq əsasən paytaxt məktəblərindədir: “Amma yeniyetmələr liqasının yaradılması sayəsində yaxın bir il ərzində regionlarda da bu idman növünün kütləviləşməsinin artacaq”.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə futbol, atletika, tennis və basketbol kimi dünyaca məşhur idman növlərinin Azərbaycanda da inkişafının vacibliyini vurğulayıb: “Hazırda ölkəmizdə basketbolun inkişafına fürsət yaranıb. Hər birimiz öz bacardığımız qədər bu işə dəstək verməliyik ki, Azərbaycanda ən azı 30 yaxşı basketbolçu yetişsin. Milli Olimpiya Komitəsi də bu layihəni həyata keçirmək üçün dəstək olacaq. İnanıram ki, ən qısa zamanda bu layihənin müsbət nəticələrinin şahidi olacağıq”.

Tədbirin fəxri qonağı - NBA-nın Avropa, Afrika və Yaxın Şərq ölkələri üzrə vitse-prezidenti Xesus Bueno Paskual Azərbaycanda basketbolun inkişafı üçün lazımi maddi-texniki bazanın olduğunu bildirib. O qeyd edib ki, bu liqa NBA liqasının təqlidini nəzərdə tutur: “Artıq Azərbaycanda layihənin təməlini qoymuşuq. Gələcəkdə daha yüksək səviyyədə layihələr həyata keçirməyi planlaşdırırıq. Bu il oğlanlar və qızlar qarışıq komandalarda oynayacaqlar. Növbəti ildən isə ola bilsin, qızlar və oğlanlar ayrı-ayrı komandalarda çıxış etsinlər. Bu, təbii ki, Azərbaycan Basketbol Federasiyasının qərarından asılı olacaq”.

Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov isə bildirib ki, MBA Azərbaycan Yeniyetmələr Liqasına seçim Azərbaycan birinciliklərinə qatılan məktəblərdən başlayacaq. Orada ən güclülər müəyyənləşəcək və yarışda iştirak hüququ qazanacaqlar. Federasiya prezidenti vurğulayıb ki, üç il əvvəl Gürcüstanda bu liqa yarananda cəmi 37 komanda var idi: “Bu gün isə say 300-ə çatır. Azərbaycanda da belə olacağına ümid edirik. Proqramın fəlsəfəsinə əsasən, ilk ildə oğlan və qız komandaları ayrı da, hər ikisi eyni kollektivdə də ola bilər. Maliyyə məsələlərində Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi hər zaman dəstək olurlar. Yarış təşkilatçıları da bu dəfə bəzi kömək edəcəklərinə söz veriblər. Layihənin qalibi Avropa və dünya çempionatlarında Azərbaycanı təmsil edə bilər. Bu layihə ilkin olaraq, 4 il davam edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti