Bakı. Trend:
Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında qarışıq cütlükdə çıxış edən Belçikanı təmsil edən gimnastlar Bram Roettger və Helena Heyens birgə hərəkət proqramında qızıl medal qazanıblar.
Trend xəbər verir ki, idmançıların nəticəsi 29,110 xal olub.
“Gümüş”ü Böyük Britaniyadan olan Nataşa Hatçinson və Dilan Hauells (29,030 xal), bürünc medalı isə Almaniyanı təmsil edən Daniel Blintsov və Pia Şutze (28,890 xal) qazanıb.
Azərbaycan gimnastları Ağasif Rəhimov və Raziyə Seyidli 28,670 xal toplayaraq finalda beşinci yeri tutublar.
Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçiriləcək. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edəcək.
4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.
Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edir. Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparacaqlar.
Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika gimnastikası üzrə Dünya kubokuna, bu il martın 3-dən 6-dək isə bu növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edib.