Bakı. Trend:
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam) - “Ferentsvaroş” (Macarıstan) oyununda qalib müəyyənləşməyib.
Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada hesabı qonaqlar açıb. Frank Boli oyunun 17-ci dəqiqəsində fərqlənib. Matçın 34-cü dəqiqəsində “Qarabağ”ın qanalı hücumçusu Kvabena Ovusu tarazlığı bərpa edib - 1:1.
Komandaların cəhdlərinə baxmayaraq ikinci hissədə qol vurulmayıb və matç 1:1 hesabı ilə başa çatıb.
Cavab oyunu avqustun 9-da Budapeştdə təşkil olunacaq.