Şəki. Trend:
Bu gün Şəki Olimpiya İdman Kompleksində gimnastikanın altı növü üzrə birgə yarışların ikinci gününə start verilib.
Trend xəbər verir ki, yarışlar Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunub.
Bu gün bədii və akrobatika gimnastikası üzrə yarışlar keçiriləcək.
Bədii gimnastikanın “yeniyetmələr” (2010-2011-ci il təvəllüdlü) yaş kateqoriyası üzrə nümayəndələri halqa, top və gürzlərlə, “gənclər” (2007-2009-cu il təvəllüdlü) - halqa, top, gürz və lentlərlə hərəkətləri təqdim edəcəklər.
Akrobatika gimnastikasının “yeniyetmələr” (2004-2010-cu il təvəllüdlü) və “böyüklər” (2007-ci il və daha yuxarı) yaş kateqoriyası üzrə nümayəndələri qadın qruplarında, kişi, qadın və qarışıq cütlüklər tərkibində çıxış edəcəklər.
Qeyd edək ki, dekabrın 8-11-də Şəki Olimpiya İdman Kompleksində altı gimnastika növü üzrə birgə yarışlar keçirilir.
Yarış proqramına kişilər arasında bədii gimnastika və akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan çempionatı, qadın idman gimnastikası, batut üzərində tullanma və aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı, tamblinq üzrə 18-ci Azərbaycan çempionatı və bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı daxildir.
(Foto: Zaur Mustafayev)