Bakı. Trend:
Dekabrın 16-da Heydər Əliyev adına İdman Konsert Kompleksində kişi idman gimnastikası və akrobatika gimnastikası üzrə 27-ci, qadın idman gimnastikası üzrə 6-cı birgə Bakı birinciliyi başlayıb.
Trend xəbər verir ki, yarış Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunub.
Birgə Bakı birinciliyi çərçivəsində keçirilən qadın idman gimnastikası üzrə yarışlarda Xədicə Abbaszadə “yeniyetmələr” (2010-2011-ci il təvəllüdlü) arasında çoxnövçülükdə ikinci yeri tutub.
"Məşq asan olmur, lakin mən həmişə məşqçinin mənim qarşıma qoyduğu bütün tapşırıqları yerinə yetirməyə çalışıram. Yalnız məşq etməklə yüksək nəticələr əldə etmək və idman mükafatları qazanmaq olar", - 12 yaşlı idmançı bildirib.
“Ocaq Sport” klubunun yetirməsi qeyd edib ki, əvvəllər təkcə ölkədə deyil, xaricdə keçirilən yarışlarda da mükafatlar qazanıb.
"Azərbaycandan kənarda da turnirlərdə iştirak etmişəm, Gürcüstanda üçüncü yeri tutmuşam. Bu yaxınlarda Şəki şəhərində altı gimnastika növü üzrə keçirilən yarışlarda birinci yerə layiq görülmüşəm", - deyə gənc gimnast bildirib.