...

Maqnus Karlsen Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi oldu

İdman Materials 24 Avqust 2023 17:17 (UTC +04:00)
Maqnus Karlsen Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi oldu
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi norveçli qrossmeyster, şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen olub.

Trend cümə axşamı xəbər verir ki, finalda Maqnus Karlsen (Norveç) və Rameşbabu Praqnanandha (Hindistan) qarşılaşıblar. Şahmatçılar finalın iki klassik partiyasını da heç-heç ilə başa vurublar. İki klassik partiyanın yekunlarına görə Kubokun qalibi müəyyən edilmədiyindən, şahmatçılar bu gün tay-breyk oynayıblar. Finalda ümumi hesab (iki klassik partiya və tay-breyk) Karlsenin xeyrinə 2,5-1,5 olub.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və İngilis dillərində yayımlanır. Yarışlar avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

Bakıda keçirilən qadınlar arasında şahmat üzrə Dünya Kuboku avqustun 21-də başa çatıb. Kubokun qalibi Aleksandra Qoryaçkina (FİDE) olub. İkinci yeri Nurgül Səlimova (Bolqarıstan), üçüncü yeri isə Anna Muzıçuk (Ukrayna) tutub.

FİDE Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" otelində keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti