Bakı. Trend:
Fransanın Sen-Deni şəhərində Olimpiya kəndinin açılışı olub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu, Paris-2024 Yay Olimpiya Oyunlarının startından 5 ay əvvələ təsadüf edib.
Tikintisinə 7 il sərf olunan Olimpiya kəndini Fransa prezidenti Emanuel Makron açıb. Təxminən 14 min 300 idmançını qəbul edəcək məkan yarışların Təşkilat Komitəsinin ixtiyarına verilib. Kəndin rəmzi açarı komitənin rəhbəri Toni Estanqeyə təqdim olunub.
Qarşıdakı 4 ay müddətində təşkilatçılar hazırlıqları yekunlaşdıracaqlar. 52 hektar ərazidəki 82 binada olan 3000 mənzildəki 7200 otaq mebellərlə və digər zəruri əşyalarla təchiz olunacaq. Kənddə eyni vaxtda 3200 nəfəri qəbul edə bilən 24 saat işləyən restoran, 3200 kvadratmetrlik poliklinika və digər tikililər də yerləşir.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.