...

Xəzəri görmək arzusunda idim - 110 günə Bakıya gələn ultramarafonçu

İdman Materials 23 May 2024 13:08 (UTC +04:00)
Xəzəri görmək arzusunda idim - 110 günə Bakıya gələn ultramarafonçu

Bakı. Trend:

Mərakeşli ultramarafonçu Karim Mosta velosipedlə ölkəmizə gəlib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, yerli velosipedçilərlə birlikdə Bakıda Velotrekdə yürüş edib.

Daha sonra Mərakeşin ölkəmizdəki səfiri Məhəmməd Adil Embarşla bərabər ultramarafonçunun iştirakı ilə mətbuat konfransı keçirilib.

Səfir Gənclər və İdman Nazirliyinə, Azərbaycan Velosiped İdmanı Federasiyasına minnətdarlığını bildirib: “Velosipedçimizə də təşəkkür edirik ki, o, uzun bir yolçuluğa Azərbaycanı da daxil edib. Mosta Kasablankadan Pekinədək veloyürüş edəcək. O, ilk dəfə bunu etmir. Tanınmış marafonçudur və şəxsi saytı da var. Keçdiyi günlərin hər birini orada qeyd edir. Karimin keçdiyi yollar haqqında danışmağa başlasam, sabaha kimi burda olacağıq. Onun indi fəth etmək istədiyi yol 14 min kilometrdən artıqdır. Bu, sadəcə sözdə asan görünə bilər. Hazırda biz yalnız Karim haqda danışmırıq. Bu həm də iki ölkə arasında olan dostluğu nümayiş etdirir. Gənclərə örnək və insanlar arasında mehribanlığın təcəssümüdür. Karimin bura gəlməyi adi deyil. Bu, Azərbaycanın velosiped ölkəsi kimi tanınmasının nümunəsidir. Sizin velosipedçilər Mərakeşə gələrək orda da iştirak ediblər”.

Mosta isə gözəl qarşılanmaya görə minnətdarlığını ifadə edib. O bildirib ki, ölkəsinin səfirinin də bura gəlməsi onun üçün böyük şərəfdir: “Gənclərlə velosiped sürmək çox xoş oldu. 9 əsr bundan öncə İbn Batuthanın keçdiyi yolu fəth etməyə qərar verdim. İkinci növbədə isə mən bunu ona görə etdim ki, digər ölkələrə gedib fərqli insanlarla tanış olum. Kasablankadan bura 7510 kilometri 110 gün ərzində gəlmişəm. Olduğum hər ölkədə gözəl qarşılanmışam. Yolum uzandıqca insanlar daha çox təəccüblənirlər. Sərhədi Azərbaycana keçdiyim gündən indiyə kimi yalnız və yalnız gözəl insanlarla rastlaşıram. Qarşılaşdığım hər kəs mənə kömək etmək üçün əlindən gələni edir. Polis əməkdaşları yol göstərirlər, çay belə təklif edirlər. İsmayıllıda bir gün dincəlmək üçün qaldım. İcra Hakimiyyəti tərəfindən çox gözəl qarşılandım və velosiped zavodunda da oldum. Təbiəti çox gözəldir. Dünən 125 kilometr məsafə qət etdim və bir az o yol mənə ağır gəldi. 2019-cu ildə Kasablanka Məkkə yolunu qət etmişəm. Bu da Batuthanın ilk yolu idi. Xəzər dənizini görmək arzusunda idim, buna nail oldum. Burdan isə Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Çinə gedəcəm ki, yolumu bitirim”.

Yekunda mərakeşli velosipedçinin keçdiyi yollarla bağlı video-çarx nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti