...

Bundesliqada hər hissənin sonuna əlavə olunan dəqiqələr artırılacaq

İdman Materials 15 Avqust 2025 03:14 (UTC +04:00)
Bundesliqada hər hissənin sonuna əlavə olunan dəqiqələr artırılacaq

Bakı. Trend:

Avqustun 22-də start götürəcək Bundesliqanın 2025-2026-cı il mövsümünün oyunlarında hər hissənin sonuna əlavə olunan dəqiqələr artırılacaq.

Trend xəbər verir ki, yeni qərara əsasən, qarşılaşmalarda vaxt itkisi artıq daha dəqiq hesablanaraq, hər hissənin sonuna əlavə olunacaq. Yeni qaydanın ikinci və üçüncü liqalarda artıq tətbiqinə başlanılıb. Nəticədə həmin liqaların oyunlarında hər hissənin sonuna əlavə edilən vaxtın xeyli artdığı müşahidə edilib.

Alman Futbol Federasiyasının (DFB) hakimlər komitəsinin rəhbəri Knut Kirxer bu artımın Bundesliqanın oyunlarında da müşahidə ediləcəyini bildirib. O, hazırda topun oyunda qaldığı müddətin orta hesabla 60 dəqiqəyədək olduğunu ifadə edərək, vaxtın artacağını qeyd edib.

Matçlardakı vaxt itkisi VAR otağındakı hakim tərəfindən hesablanır və qarşılaşmanın baş hakiminə ötürülür. İtirilən vaxtın daha dəqiq hesablanaraq, hər hissənin sonuna əlavə edilməsi 2022-ci il dünya çempionatında sınaqdan keçirilib. Həmin vaxtdan sonra bu sistem İngiltərə Premyer Liqasında da tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti