...

Almaniya Azərbaycanda qeyri-neft sektoruna 400 milyon dollardan artıq investisiya qoyub

İqtisadiyyat Materials 24 Noyabr 2016 17:59 (UTC +04:00)
Azərbaycan-Almaniya iqtisadi əlaqələri müzakirə olunub
Almaniya Azərbaycanda qeyri-neft sektoruna 400 milyon dollardan artıq investisiya qoyub

Bakı. Trend:

Bu gün Bakıda Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan yüksək səviyyəli İşçi Qrupun 6-cı iclası keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasa Azərbaycan tərəfindən nazirliyin aparat rəhbəri Samir Vəliyev, Almaniya tərəfindən isə Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru Ekard Franz həmsədrlik edib.

İclasda Azərbaycan və Almaniya arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, İşçi Qrupunun 5-ci iclasından ötən dövrdə görülmüş işlər, qarşıdakı dövr üçün iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, o cümlədən investisiya, sənaye, ölkəmizdə yaradılan sənaye parklarında Almaniya şirkətlərinin iştirakı imkanları, turizm, enerji, neft-qaz, təhsil, biznesin idarə edilməsi sahəsində yerli menecerlərin Almaniyada ixtisasartırma kurslarında iştirakı layihəsinin icrası, ətraf mühitin mühafizəsi, tvinninq layihələrinin icrası, Azərbaycan məhsullarının Almaniya bazarına ixracı və bir sıra digər məsələlər müzakirə olunub.

S.Vəliyev bildirib ki, ölkələrimiz arasındakı siyasi əlaqələrin mövcud səviyyəsi iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Qeyd olunub ki, hazırda Azərbaycanda 169 alman şirkəti fəaliyyət göstərir. Almaniya tərəfindən əsas kapitala 488,3 mln. ABŞ dolları, o cümlədən qeyri-neft sektoruna 405,4 mln. ABŞ dolları həcmində investisiya qoyulub. Almaniya şirkətləri ölkəmizdə həyata keçirilən layihələrdə podratçı kimi də fəal iştirak edirlər. Ticarət əlaqələri də ölkələrimiz arasında əməkdaşlığın vacib istiqamətlərindəndir. Sumqayıt Kimya Sənaye Parkında yeni tikilən peşə məktəbində alman modelində peşə təhsilinin yaradılması üzrə iş davam edir. Tvinninq layihəsi üzrə əməkdaşlıq çərçivəsində 11 layihə icra olunub və hazırda 3 layihənin icrası üzrə işlər görülür. Menecer təlimi sahəsində əməkdaşlıq proqramı çərçivəsində 2009-2016-cı illərdə 300-ə yaxın sahibkar və gənc menecer Almaniyada ixtisasartırma kursu keçib.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən S.Vəliyev bildirib ki, uğurla aparılan iqtisadi islahatlar davamlı iqtisadi artımın təmin edilməsi üçün əlverişli şərait yaradıb. Qeyd edilib ki, bu tədbirlər ölkəmizin xarici investisiyalar üçün cəlbediciliyini daha da artırır.

Almaniyanın Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru, İşçi Qrupun həmsədri Ekard Franz Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 6-cı iclası çərçivəsində müzakirə edilən məsələlərin Almaniya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağına əminliyini vurğulayıb, Almaniya iqtisadiyyatına və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti