...

BSİ ilə müştərək sertifikatlaşdırma fəaliyyətinə dair əməkdaşlıq memorandumu imzalanıb

İqtisadiyyat Materials 14 Dekabr 2016 12:00 (UTC +04:00)

Bakı. Trend:

İSO 9001 və bu kimi bir neçə beynəlxalq standartın müəllifi Çarlz Korri Bakıda master klass keçirib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bu gün Bakıda “İdarəetmə sistemlərinə aid olan yeni İSO standartları haqqında müəllifdən məlumatlar” adlı master klass keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, master klassı Britaniya Standartları İnstitutunun (BSİ) Standartların inkişafı şöbəsinin müdiri Çarlz Korri və BSİ-ın MDB və Baltikyanı ölkələr üzrə baş direktoru Dmitri Yartsev keçirib.

Tədbirdə çıxış edən komitə yanında Dövlət Akkreditasiya Xidmətinin rəis müavini Sabiq Abdullayev ölkə rəhbəri tərəfindən qeyri-neft ixracının stimullaşdırılması ilə bağlı qoyulmuş vəzifələrin icrası xarici ölkələrlə ticarətdə texniki maneələrin aradan qaldırılmasını, təhlükəsiz və keyfiyyətli, yüksək texnologiyalı və innovativ məhsulların istehsalını, istehsalat və xidmət göstərən müəssisələrdə müasir keyfiyyət idarəetmə sistemlərinin tətbiq edilməsini tələb etdiyini bildirib. O, yerli məhsulların xarici bazarlara çıxış imkanlarının artırılması məqsədilə yeni mexanizmlərin yaradıldığını qeyd edib. Məhz bu səbəblərdən beynəlxalq qurumlarla əməkdaşlığın vacib olduğunu bildirən S.Abdullayev Britaniya Standartları İnstitutu ilə də qurulan sıx əməkdaşlıqdan danışıb . O, ötən illərdə keçirilən İSO 50001 “Enerji İdarəetmə Sistemləri” standartının tətbiqi istiqamətində enerji idarəetmə sistemlərinin tətbiqi və daxili audit, İSO 55001 “Aktivlərin idarəedilməsi sistemi” standartı, “İnteqrasiya olunmuş idarəetmə sistemləri” mövzusunda keçirilən seminar və təlimlərin çox mühüm nəticələr verdiyini bildirib. O, yerli sahibkarlar üçün təşkil olunan bu və bu kimi tədbirlərin də əsas məqsədinin ölkədə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, yerli sənaye məhsullarının rəqabətqabiliyyətliliyin artırılması, beynəlxalq İSO standartlarının tələblərinə cavab verən ixracqabiliyyətli məhsulların istehsalı və milli keyfiyyət infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı dövlət siyasətinə dəstəyin olduğunu bildirib.

Standartlaşdırma, Sertifikatlaşdırma İnstitutunun direktoru v.i.e Namiq Tağıyev də çıxış edərək bazarın liberallaşması, azad rəqabətin formalaşdırılması, sahibkarlıq subyektlərinin dünya bazarına çıxışının təmin olunması istiqamətində uyğunluğun qiymətləndirilməsi, standartlaşdırma sahələri üzrə fəaliyyətin danılmaz olduğunu bildirib.

Tədbir çərçivəsində Britaniya Standartlar İnstitutu ilə akkreditasiya olunmuş “TexnoSert” və “AzSert” sertifikatlaşdırma orqanları arasında “İxracyönümlü məhsulların Avropa bazarına çıxarılmasına dair müştərək sertifikatlaşdırma fəaliyyətinin aparılmasına dair” Əməkdaşlıq Memorandumu imzalanıb. Tədbir zamanı Beynəlxalq və milli standartların hazırlanmasının müasir tələbləri, iqtisadiyyat və istehsalatda standartların rolu və üstünlüyü, Standartların sinifləri (məhsullar, xidmətlər, sistemlər və s.), idarəetmə sistemləri üçün standartların rolu, 1994-2000-2008-2015-ci illərdə olan əsas dəyişikliklərin görüntüləri ilə 1987-ci ildən İSO 9000 standartının yolu, İSO 9001-2015 standartının yeni versiyasının strukturunda və tələblərində olan dəyişikliklərin görüntüləri və onun tarixi prespektivləri, İSO 14000:2015, həmçinin OHSAS 18000/ İSO 45000, İSO 55000 standartları da daxil olmaqla idarəetmə sistemlərinə aid digər standartların təkamülü və inteqrasiyası mövzularında məruzələr dinlənilib.

Sonda təlimdə iştirak edən hər bir iştirakçıya Britaniya Standartlar İnstitutu tərəfindən İSO 9001-2015 və İSO 14001-2015 standartlarının dəyişiklikləri, həmçinin digər uyğun standartlarda gözlənilən dəyişikliklər və gündəliyə uyğun digər mövzularla tanış olmalarını təsdiq edən sertifikatlar təqdim edilib.

Qeyd edək ki, BSİ standartlaşdırma və sertifikatlaşdırma ilə məşğul olan ən nüfuzlu və qədim təşkilatlardan biri hesab edilir. BSİ yüz ildən artıqdır ki fəaliyyət göstərir və hazırda dünyada müasir standartların, təhsilin, sertifikatlaşdırmanın inkişafına təkan verən qlobal bir təşkilat kimi fəaliyyətdədir. Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) yaradılmasında və inkişafında xüsusi rolu olmuş BSİ beynəlxalq standartların hazırlanmasında İSO-nun texniki komitələrinin əksəriyyətinin katibliyini həyata keçirməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti