Bakı. Trend:
Respublika ərazisində müşahidə olunan sərt hava şəraiti ilə əlaqədar «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin kollektivi gucləndirilmiş iş rejimində çalışır.
Trend-in "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə istinadən verdiyi xəbərə görə, hava şəraiti ilə əlaqədar olaraq sürət həddinin azaldılması səbəbindən qısamüddətli gecikmələr nəzərə alınmasa, qatarların hərəkətində heç bir problem qeydə alnmayıb. Bu günlərdə sərnişinlər dəmir yolundan istifadəyə üstünlük verirlər. Bununla bağlı gün ərzində ölkədaxili işləyən sərnişin qatarlarında 1000 nəfərdən çox artım müşahidə olunur. Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin edilir.
Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarının hərəkətində də heç bir gecikmə baş verməyib.
Sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır. İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üst quruluşu elementlərinə - yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə gün ərzində bir neçə dəfə baxış keçirilir, qartəmizləyən texnikalar saz vəziyyətə gətirilir.
Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının istilik sistemi bir daha yoxlanılır. Eyni zamanda vağzallardakı gözləmə zallarında istilik sisteminin, kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır.