...

Azərbaycan səfiri BƏƏ-nin Federal Milli Şurasının sədri ilə görüşüb (FOTO)

İqtisadiyyat Materials 13 Aprel 2017 15:38 (UTC +04:00)
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov bu ölkənin Federal Milli Şurasının sədri ilə görüşüb.
Azərbaycan səfiri BƏƏ-nin Federal Milli Şurasının sədri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov bu ölkənin Federal Milli Şurasının sədri Amal əl-Qubaisi ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfir ilk öncə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun adından əl-Qubaisini salamlayaraq, ölkələrimiz arasında siyasi münasibətlərin vəziyyəti barədə məlumat verib.

Səfir Azərbaycanda ilk parlamentin yaradılması, ilk qadın deputatın seçilməsi, parlamentimizin bu günədək keçdiyi inkişaf yolu, ölkənin inkişafında qadınların rolu, dövlət və parlamentdə yüksək vəzifə tutan xanımlar barədə xanım əl-Qubasini məlumatlandırıb.

İki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasına baxmayaraq, parlamentlər arası təmasların elə də intensiv olmadığını deyən səfir Azərbaycan tərəfinin bu münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu, Milli Məclisdə BƏƏ ilə əməkdaşlıq üzrə dostluq qrupunun fəaliyyət göstərdiyini, BƏƏ Federal Milli Şurasında da belə bir qrupun yaradılmasının arzu olunduğunu bildirib.

D.Şikarov Azərbaycanın əldə etdiyi yüksək iqtisadi inkişaf, həyata keçirilən nəhəng enerji, nəqliyyat və infrastruktur layihələri barədə danışaraq, bu layihələrin, həmçinin ölkəmizdə təşkil olunan müxtəlif iqtisadi, humanitar, idman və mədəniyyət tədbirlərinin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılmasına töhfə verdiyini bildirib. Bu kontekstdə o, cari ilin 12-22 may tarixlərində ölkəmizdə IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyini, BƏƏ rəsmilərinin bu oyunlarda iştirakının arzu olunduğunu bildirərək, Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən əl-Qubaisiyə ünvanlanmış dəvət məktubunun surətini təqdim edib. Azərbaycan tərəfinin xanım əl-Qubaisinin oyunlarda iştirak etməsi, yaxud bu mümkün olmadıqda digər uyğun zamanda Azərbaycana səfər etməsindən çox məmnun olacağını vurğulayıb. Azərbaycanın turistik imkanları, görməli yerləri barədə məlumat verərərək, səfir 2016-cı ildə BƏƏ-dən Azərbaycana gedən turistlərinin sayının 30 dəfə artdığını, bu il daha böyük rəqəm gözlənildiyini, bunun Azərbaycanın BƏƏ-yə verdiyi önəmin və BƏƏ-dən gələn turistlərə göstərilən qonaqpərvərliyin nəticəsi olduğunu qeyd edib.

Səfir Dağlıq Qarabağ münaqişəsi barədə də xanım əl-Qubaisiyə məlumat verərək, Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğu, bir milyondan çox Azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi, münaqişə nəticəsində Azərbaycana külli miqdarda humanitar, mədəni və iqtisadi zərər dəydiyi, işğal olunmuş torpaqlarda İslam irsinə zərər vurulduğu, bu torpaqlarda qeyri-qanuni iqtisadi fəaliyyətin davam etdirliyi barədə danışıb. Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımına toxunan səfir, faciənin Pakistan, Meksika, Kolumbiya, Peru və digər ölkələr, ABŞ-ın bir sıra ştatları, həmçinin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanındığını bildirib. O, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Xocalı soyqırımı ilə bağlı qərarın qəbul edilməsinin ölkəmizin sıx əməkdaşlığının nəticəsi olduğunu əlavə edərək, bu faciəyə BƏƏ-də dövlət səviyyəsində qiymət verilməsinin arzu olunduğunu qeyd edib.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın vəziyyəti barədə məlumat verən səfir, əlaqələrin artırılması məqsədilə müvafiq işlərin görüldüyünü, Azərbaycanın istehsaçlı şirkətlərinin BƏƏ-də keçirilən sərgilərdə iştiraka, məhsullarının, xüsusən kənd təsərrüfatı mallarının bu ölkəyə ixracında maraqlı olduqlarını deyib. Cari ilin 19-20 aprel tarixlərində Əbu Dabidə İqtisadi, Ticarət və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın 6-cı iclasının keçiriləcəyini, iclasda iştirak etmək məqsədilə iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə böyük nümayəndə heyətinin BƏƏ-yə səfər edəcəyini, səfər çərçivəsində BƏƏ-nin sərmayədarları və böyük şirkətləri ilə görüşün keçirilməsinin arzu olunduğunu diqqətə çatdırıb. D.Şikarov qeyd olunduğu kimi son zamanlar BƏƏ-dən Azərbaycana turist axının gücləndiyini, birbaşa təyyarə uçuşlarının artması və viza rejiminin sadələşdirilməsi nəticəsində turist sayının daha da artdığını, bu səbəbdən yeni infrastruktur layihələri üçün imkanlar yarandığını və bu imkanlardan BƏƏ sərmayədarlarının istifadə edə biləcəyini qeyd edib.

Əl-Qubaisi ətraflı məlumata görə təşəkkürünü bildirərək, BƏƏ tərəfinin də Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. O, rəhbərlik etdiyi Federal Milli Şurada Azərbaycan parlamenti ilə əməkdaşlıq üzrə dostluq qrupunun yaradılması məsələsinə baxılacağını, parlamentlər arası əməkdaşlığın hüquqi əsasının yaradılmasının arzu olunduğunu deyib. Xanım əl-Qubaisi bu məqsədlə iki ölkənin parlamentləri arasında əməkdaşlıq üzrə anlaşma memorandumu layihəsinin göndəriləcəyini də əlavə edib.

IV İslam Həmrəyliyi Oyunlarında iştiraka dəvətə görə minnətdarlığını bildirən xanım əl-Qubaisi Azərbaycan barədə, ölkəsindən Azərbaycana turistlərin marağının artıdığını eşitdiyini bildirib, hələ Azərbaycanda olmadığını təəssüflə qeyd edib. Əl-Qubaisi öz ölkəsindən olan turistləri Azərbaycanda təbiət, görməli yerlər və mətbəxlə yanaşı, Azərbaycanlıların qonaqpərvərliyinin də cəlb etdiyini bildirib. O, dəvətə görə təkrar təşəkkürünü bildirərək, ilk fürsətdə Azərbaycana səfər imkanının müsbət dəyərləndiriləcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti