Baş nazirin müavini: Qeyri-rəsmi məşğulluğa qarşı böyük mübarizə elan edilib

Baş nazirin müavini: Qeyri-rəsmi məşğulluğa qarşı böyük mübarizə elan edilib

Bakı. Trend:

Qeyri-rəsmi məşğulluğa qarşı böyük mübarizə elan edilmişdir və bu mübarizənin uğurlu olacağına dərindən inanıram.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.

2018-ci ilədək bu problemin həllində ciddi dönüşə nail olunacağını deyən Baş nazirin müavini əsas fəaliyyət prioritetlərini belə müəyyənləşdirir:

Qanunvericilik təkmilləşdiriləcək, mühasibat uçotu möhkəmləndiriləcək, inzibati-nəzarət mexanizmi gücləndiriləcək, əhali arasında maarifləndirmə işi genişləndiriləcəkdir

Azərbaycanın son onillikdəki sürətli iqtisadi inkişafı, həmçinin uğurlu sosial siyasət ölkədə məşğulluq probleminin böyük miqyasda həllinə töhfə verib. Ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində əmək hüququnun qorunması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu kimi digər zəruri proseslər həyata keçirilib. Lakin yeni dövrün - sürətli və dərin islahatlar mərhələsinin çağırışlarına uyğun olaraq əmək münasibətlərinin tənzimlənməsi sistemində də əsaslı dəyişikliklərin məqamı yetişib. Qeyd edək ki, bu məsələ “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”nin də mühüm müddəalarındandır.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2017-ci il mart ayının 17-də imzaladığı əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı da bu kontekstdə ciddi tarixi dönüş yaradacaq hüquqi-baza sənədi kimi qəbul olunur.

Bu sahədə dövlət orqanları arasında əlaqələndirilmiş siyasətin həyata keçirilməsi məqsədilə dövlət başçısı Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyası yaradıb. Baş nazirin müavini, komissiyanın sədri Əli ƏHMƏDOVla müsahibəmizdə də ötən müddət ərzində bu sahədə həyata keçirilən tədbirlər və aparılan müvafiq monitorinqlərin nəticələri barədə, həmçinin perspektivdə nəzərdə tutulan məsələlər haqqında söhbətləşdik.

Azərbaycanın sosial-iqtisadi uğur göstəriciləri inkişaf etmiş ölkələrlə müqayisə oluna bilər

- Əli müəllim, Prezident İlham Əliyevin qeyri-rəsmi məşğulluğun aradan qaldırılması sahəsində əlavə tədbirlər haqqında sərəncamına əsasən, “Əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi və koordinasiyası komissiyası” yaradılmış, konkret vəzifələr müəyyən edilmişdir. Komissiyanın sədri kimi, qarşıya qoyulmuş vəzifələrin mahiyyəti və icrası barədə nə deyə bilərsiniz?

- Azərbaycanın dinamik inkişafı son illərin hamı tərəfindən qəbul olunan reallığıdır. Onu ifadə edən rəqəmləri sadalayıb oxucuları yormaq istəməzdim, çünki bu hamıya yaxşı məlumdur. Lakin qeyd etməyi lazım bilirəm ki, iqtisadi yüksəlişin ayrılmaz tərkib hissələri kimi, son illərdə 1,6 milyon yeni iş yerlərinin açılması, əməkhaqlarının və pensiyalarının dəfələrlə artması, digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi insanların həyat tərzini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdir. Ölkədə işsizliyin səviyyəsi və yoxsulluq həddi 5-6 faiz civarındadır. Qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycan bu göstəriciləri ilə inkişaf etmiş ölkələrlə müqayisə oluna bilər.

Yaşadığımız mərhələnin mühüm xüsusiyyətlərindən biri islahatların yeni şəraitdə və formalarda davam etdirilməsidir. Məqsəd ölkənin inkişafını sürətləndirmək, insanların həyatını daha da yaxşılaşdırmaqdan ibarətdir. Təkmilləşdirilməyə ciddi ehtiyac duyan sahələrdən biri əmək münasibətləri sferasına aiddir. Prezident İlham Əliyevin xatırlatdığınız 17 mart tarixli sərəncamı məhz əmək münasibətlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirləri nəzərdə tutur.

İqtisadiyyatın inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi sayəsində ölkədə iqtisadi fəal əhalinin sayı artmışdır. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, bu gün, iqtisadi fəal əhalinin sayı 4,6 milyon nəfərdən çoxdur. Bunun təxminən 1,5 milyon nəfəri muzdlu işçilərdir. Başqa sözlə ifadə etsək, əmək münasibətləri qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmiş işçilərdir. 1,6 milyon nəfər əhali kənd təsərrüfatı sahəsində çalışır. Deməli, təxminən elə bu qədər də insan fərdi sahibkarlıqla məşğul və ya özüməşğul əhalidir. Qeyd olunan sonuncu kateqoriyadan olan məşğul əhalinin əmək münasibətlərində bizi narahat edən bir sıra problemlər mövcuddur. Onlar ya müvafiq dövlət orqanlarında əmək münasibətlərini rəsmiləşdirməyiblər, ya da digər formalarda nəticə etibarilə əmək münasibətlərinin rəsmiləşməsinə əngəl olan pozuntulara yol veriblər. Beləliklə, əmək münasibətləri sahəsində bütün nöqsanların aradan qaldırılması, əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi aktual vəzifəyə çevrilmişdir.

Qeyri-rəsmi məşğulluq gizli iqtisadiyyata aparan birbaşa yoldur

- Qeyri-rəsmi məşğulluq nədən qaynaqlanır və onun ictimai zərəri nədən ibarətdir? Həmçinin bizim üçün çox maraqlıdır: dövlət əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində problemləri həll etməklə nəyə nail olmaq istəyir?

- Əmək münasibətlərinin rəsmiləşdirilməməsi ciddi iqtisadi və sosial xarakterli həm ictimai, həm də şəxsi problemdir. Qeyri-rəsmi məşğulluq, hər şeydən əvvəl, ölkədə əmək resursları, əmək bazarı barəsində aydın məlumatlar əldə etməyə imkan vermir. Bu isə öz növbəsində iqtisadi proqnozların hazırlanıb həyata keçirilməsi, əmək resurslarından səmərəli istifadə edilməsi qarşısında böyük çətinliklər yaradır. Bundan əlavə, əmək münasibətlərinin rəsmiləşdirilməməsi sayəsində əməkhaqqı ilə bağlı göstəricilər lazımi uçotdan kənarda qalır və beləliklə də makroiqtisadi göstəricilərin səviyyəsi olduğundan xeyli aşağı düşmüş olur.

Lakin əmin etmək istəyirəm ki, qeyd etdiklərim əmək münasibətlərinin rəsmiləşdirilməməsinin yaratdığı problemin heç də ən böyüyü, ən ziyanlısı deyil. Qeyri-rəsmi məşğulluq gizli iqtisadiyyata aparan birbaşa yoldur. Əgər əmək münasibətləri rəsmiləşdirilməyibsə, deməli, yaradılan milli gəlir də dəqiq qeydə alınmır və vergidən yayındırılır. Beləliklə aydın olur ki, qeyri-rəsmi məşğulluğun əsas səbəbi, əgər belə demək mümkündürsə, başlıca, bəlkə də yeganə motivasiyası vergi və sosial ödəmələrdən yayınmaqdır.

Əmək münasibətlərinin rəsmiləşdirilməməsi səviyyəsi uçotdan kənar qalan iqtisadiyyatın dərəcəsi ilə düz mütənasibdir: qeyri-rəsmi məşğulluq nə qədər çoxdursa, rəsmi dövlət uçotundan yayındırılan iqtisadiyyatın xüsusi çəkisi də elə o qədərdir.

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, qeyri-rəsmi məşğulluq bu gün əmək münasibətləri sahəsində, ümumiyyətlə iqtisadi fəaliyyət sferasında həm ən çox rast gəlinən, həm də ciddi iqtisadi problemlərə yol açan ağır qanun pozuntusudur. Araşdırmalar nəticəsində elə hüquqi şəxslər aşkar edilmişdir ki, aylıq dövriyyəsi bir neçə milyon manata çatmasına baxmayaraq, rəsmi qeydiyyatdan keçmiş cəmi bir neçə işçisi var. Hətta iqtisadi fəaliyyət göstərən elə təşkilatlar da var ki, böyük maliyyə dövriyyəsinə rəğmən, ümumiyyətlə işçisi yoxdur.

Mən hələlik onların adını çəkmək istəmirəm. Hesab edirəm ki, çox ciddi qanun pozuntularına yol verən hüquqi şəxslər cənab Prezidentin imzaladığı sərəncamın qarşıya qoyduğu vəzifələrin mahiyyətini başa düşəcək, lazımi nəticələr çıxaracaq və ən qısa vaxtda buraxdıqları səhvləri düzəldəcəklər. Əks halda, onların hər biri qanun qarşısında cavab verməli olacaqlar. Qanunvericilikdə ciddi maliyyə pozuntularına görə kifayət qədər sərt sanksiyalar nəzərdə tutulur və mən istəməzdim ki, hüquqi şəxslərin buraxdığı qanun pozuntularını onların özləri deyil, hüquq mühafizə orqanları aradan qaldırmalı olsun.

Əmək münasibətlərinin rəsmiləşdirilməməsinin yaratdığı digər ciddi problem onun məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa imkan yaratmasıdır. Bu isə ilk növbədə, Dövlət Sosial Müdafiə Fondunu qanunla müəyyən edilmiş daxilolmaların əhəmiyyətli hissəsindən məhrum edir.

İnsanlar gələcəkdə pensiya almaq hüququndan məhrum edilirlər

- Əli müəllim, yəqin problemlər tək bunlarla bitmir. Toxunduğunuz nöqsanlar vətəndaşlarımız üçün hansı xoşagəlməz nəticələr verə bilər?

- Çox ciddi mənfi nəticələr verə bilər, əslində isə indidən verir. Bu gün müxtəlif səbəblərlə əlaqədar əmək münasibətlərini rəsmiləşdirməyən və məcburi dövlət sosial sığorta haqlarını ödəməyən işçilər pensiya yaşına çatdıqda pensiya almaq hüququna malik olmayacaqlar. Ya işəgötürənin daha çox qazanc əldə etməsi naminə, ya da işçinin öz səhlənkarlığı və ya günahı ucbatından Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial ödəmələrini həyata keçirməyən insanları pensiya yaşına çatanda nələr gözlədiyini təsəvvür edirsinizmi?

Yaşına görə işləmək imkanlarını itirmiş birisinin pensiya almadan yaşamağını təsəvvür etmək mümkündürmü? Əgər insanı gələcəkdə pensiya hüququndan işəgötürən bilərəkdən, daha çox şəxsi qazanc əldə etmək naminə məhrum edirsə, mən bunu böyük cinayət sayıram. Yox əgər insan özü bilərəkdən gələcəkdə özünün pensiyasız qalmasına əsas yaradırsa, bundan böyük məsuliyyətsizlik təsəvvür etmək mümkün deyil!

Onu da vurğulamaq yerinə düşər ki, əmək münasibətlərinin rəsmiləşdirilməməsi işçini tamamilə hüquqsuz vəziyyətə salır. Bu cür insanlar dövlət tərəfindən təmin edilən sosial müdafiə sistemindən özlərini kənarda qoyurlar. Onların qanuni yolla məzuniyyətdən istifadə etmək, xəstələndikdə haqqı ödənilən müalicə almaq hüquqları, demək olar ki, itirilir. Bir sözlə, onların sosial hüquqlarının qorunması ciddi problemlərlə üzləşir.

“Qara mühasibat”lıq qara ləkəyə çevrilib

- Həqiqətən də əmək münasibətlərini rəsmiləşdirməmək dövləti və insanı aldatmaqdır. Müasir dövrdə, insanların kifayət qədər savadlı olduğu bir zamanda bunu necə edə bilirlər?! Bu işbazlar qanunsuz fəaliyyətlərində ən çox hansı formalardan, üsullardan istifadə edirlər?

- Ən çox yayılmış üsul işəgötürənlərin işçilərinin sayını azaltmasıdır. Bir çox iqtisadi fəaliyyət sahələri mövcuddur ki, qanunlarda və normativ aktlarda mövcud olan boşluqlar onlara öz bəd əməllərini həyata keçirməyə münbit şərait yaradır. Əmək münasibətlərinin rəsmiləşdirilməməsi, istifadə olunan işçilərin sayının gizlədilməsi hallarına tikintidə daha çox rast gəlmək mümkündür. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, mövcud tikinti qanunvericiliyi və normaları iş adamlarına imkan verir ki, işçilərinin sayını gizlədə bilsin. Xidmət müqavilələri, subpodratçılıq münasibətləri bu mənada sahibkarların işini asanlaşdıran formalardır. Maraqlıdır ki, həm xidmət müqaviləsi, həm də subpodratçılıq müvafiq normativ aktlarda nəzərdə tutulub. Doğrudur, beynəlxalq praktikada həmin formalar mövcuddur. Lakin vacib bir fərqlə. Digər ölkələrdə sözügedən əmək müqavilələri formalarından sui-istifadəyə imkan yaradan boşluqlar yoxdur.

Geniş yayılmış digər forma özəl sektorda əməkhaqqının ödənilməsində lazımi şəffaflığın olmamasıdır. Bəzi işəgötürənlər mühasibat uçotu sahəsində olan boşluqlardan faydalanaraq, xalq arasında yayılmış terminologiyadan istifadə etsək, “qara mühasibat”a əl atırlar. “Qara mühasibat”ın mahiyyəti ondan ibarətdir ki, işçiyə verilən əməkhaqqının az bir hissəsi rəsmiləşdirilir, çox hissəsi isə rəsmiləşdirilmir. Nəticə etibarilə həm hüquqi şəxs, həm də işçi vergi və məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınmış olurlar.

Nəhayət, fərdi sahibkarlar və özüməşğul əhalinin müzakirə etdiyimiz kontekstdə, yumşaq desək, qəribə davranışını qeyd etmək istərdim. Bu gün vergidən, ələlxüsus məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınan insanlar bilərəkdən qocalıqda özlərini pensiya hüququndan məhrum edirlər. Təhlillər göstərir ki, qeyri-rəsmi məşğulluq kifayət qədər geniş yayıla bilmişdir. Bu tipli qanun pozuntularına tikinti ilə yanaşı, ticarət, iaşə, nəqliyyat, xidmət sahələrində tez-tez rast gəlinir.
- Bu kimi mənfi proseslərin qarşısının alınmasında rəsmi strukturların münasibəti bundan sonra dəyişəcəkmi?

- Tam dəyişəcək. Dövlət əmək münasibətləri sahəsində yaranmış vəziyyətə biganə qala bilməz və qalmır. Prezidentin sərəncamı bir daha sübut edir ki, Azərbaycan dövləti ən qısa vaxtda əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində mövcud problemləri aradan qaldırmaq, işçilərin sosial hüquqlarının qorunması sahəsində əlavə zəruri addımları atmaq niyyətindədir. İnsanların sosial hüquqlarının qorunması onların sosial müdafiəsi qədər böyük dəyər kəsb edir və dövlətimiz bu işdə seyrçi mövqeyində qalmaq niyyətində deyil.

İstər qanunvericiliyin təkmilləşdirilməsi, istər inzibatçılığın gücləndirilməsi, istər qanun pozuntularına qarşı qanuni sanksiyaların sərtləşməsi, istərsə də geniş təbliğat aparılması sayəsində əmək münasibətləri sahəsində bütün problemlərin aradan qaldırılmasına nail olunacaqdır. Əmin ola bilərsiniz ki, cənab Prezidentin 17 mart tarixli sərəncamından sonra qeyri-rəsmi məşğulluğa qarşı böyük mübarizə elan edilmişdir və bu mübarizənin uğurlu olacağına dərindən inanıram.

Qeyri-rəsmi məşğulluğun mövcudluğunda vergi dərəcəsi amili həlledici deyil

- Belə fikirlər də səsləndirilir ki, qeyri-rəsmi məşğulluğun əsas səbəbi vergi dərəcəsinin yüksək olmasıdır. Əgər vergilər yüksək olmasa, sahibkarlar vergidən yayınmağa və nəticə etibarilə qeyri-rəsmi məşğulluq kimi qanunsuzluqlara əl atmağa məcbur olmazlar. Siz bu fikirlərlə razısınızmı?

- Sualınıza sadə şəkildə “hə” və ya “yox” formasında cavab vermək istəməzdim. Əvvəla, Azərbaycanda vergi dərəcələrinin çox və ya həddən çox olması iddiası ilə razılaşmaq mümkün deyil. İnternet əsrində bu cür iddiaların nə qədər əsaslı olduğunu sübuta yetirmək çox asandır. Bununla belə, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində dövlətin planlarını şərh edərkən sahibkarlar arasında sözügedən problemin yaranmasına fərqli yanaşmaların mövcud olduğunu qulaqardına vurmağı da düzgün saymıram.

İş adamlarının böyük hissəsinin qeyri-rəsmi məşğulluğu əsas etibarilə vergi və məcburi dövlət sosial sığorta haqlarının çoxluğu ilə əsaslandırmağa üstünlük verməsinin səbəbi ondan ibarətdir ki, nəticə etibarilə problemi aradan qaldırmağın əsas yolunun vergi dərəcələrinin azaldılmasından keçməsi barədə məntiq ortaya qoyulsun. Bununla əlaqədar olaraq iş adamları vergi dərəcələrinin azaldılmasını qeyri-rəsmi məşğulluğun aradan qaldırılması kontekstində əsas müzakirə predmetinə çevirməyi təklif edirlər. Mənə belə gəlir ki, qeyri-rəsmi məşğulluğun mövcudluğunda vergi dərəcəsi amili varsa da o, əsas, həlledici yerdə durmur. Bütün təhlillərin ortaya qoyduğu həqiqət budur ki, qeyri-rəsmi məşğulluğun geniş yayılmasının əsas motivi vergi və sosial ödəmələrdən yayınmaq hesabına daha çox mənfəət əldə etməkdir. Digər ölkələrin təcrübəsi də həmin həqiqəti təsdiq edən əlavə sübut qismində nəzərdən keçirilə bilər. Belə olan halda qeyri-rəsmi məşğulluğa qarşı mübarizədə vergi dərəcələrinin aşağı salınmasını əsas və yeganə vasitə kimi təqdim etməyi səmərəli təklif hesab etmək mümkün deyil.

Ən faydalı, düzgün və yeganə mümkün yanaşma o olardı ki, vergi dərəcələri ilə əlaqədar aktiv diskussiyalar vergi bazasının genişlənməsi əsasında və onun nəticəsi olaraq müzakirə predmetinə çevrilsin. Bu isə həlledici dərəcədə sahibkarların, daha dəqiq ifadə etsəm, qeyri-rəsmi məşğulluqdan fayda götürən iş adamlarının seçimindən asılıdır. Başqa sözlə desək, vergi dərəcələri ilə əlaqədar diskussiyaların başlanması üçün ilkin şərt qeyri-rəsmi məşğulluqdan imtina edilməsi və vergi bazasının genişləndirilməsi hesab edilməlidir. Həm işçinin, həm sahibkarın, həm də dövlətin maraqlarına cavab verən bu cür yanaşma qeyri-rəsmi məşğulluğa qarşı mübarizənin uğur qazanmasının ən etibarlı təminatı sayıla bilər. İnanmaq istəyirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin haqqında söhbət açdığımız təşəbbüsü onun bütün təşəbbüsləri kimi əhali tərəfindən qətiyyətlə dəstəklənəcək və 2017-2018-ci illərdə qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasında ciddi dönüşə nail olunacaqdır.

Medianın dəstəyi vacibdir

- Qeyri-rəsmi məşğulluğu aradan qaldırmaq üçün qarşıdakı dövrdə hansı tədbirlərin görülməsi nəzərdə tutulur?

- Cənab Prezidentin tapşırığına əsasən müvafiq təkliflər hazırlanıb. Əlbəttə, hər şeydən əvvəl qanunvericilikdə əmək münasibətlərini rəsmiləşdirməkdən yayınmağa imkan verən boşluqlar aradan qaldırılacaq. Onların bəziləri barəsində, xüsusilə də tikinti sahəsində, artıq dedim. Bütün qanunvericiliyin bu baxımından monitorinqinə ehtiyac var və o, həyata keçiriləcək. Digər tərəfdən, bu sahədə dünyada mövcud olan təcrübədən istifadə olunacaq.

Mühasibat uçotunun möhkəmləndirilməsinə böyük ehtiyac var. Özəl sektorda yuxarıda haqqında danışdığımız “qara mühasibat”ın kökü kəsilməlidir. Bu sahədə artıq bəzi addımlar atılır. İnanıram ki, nağdsız hesablaşmalarla əlaqədar görülən tədbirlər “qara mühasibat”ın aradan qaldırılmasına ciddi kömək edəcəkdir. Bir sıra institusional tədbirlər görülməlidir. İqtisadi mexanizmlərin daha təsirli olacağına inanıram.

İnzibati-nəzarət mexanizminin gücləndirilməsi nəzərdə tutulan tədbirlərdən digər qismidir. Bununla bərabər inanmaq istəyirəm ki, işəgötürənlər əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində əməkdaşlığa daha meyilli olacaqlar. Hesab edirəm ki, bu, inzibati tədbirlərə əl atmağa ehtiyacı azaldacaq.

Əhalinin arasında maarifləndirmə işlərinin əhəmiyyətini ayrıca qeyd etmək istəyirəm. Heç kim öz əmək və sosial hüquqlarının qorunmasına biganə qalmamalıdır. Əhalinin, xüsusilə də işçilərin əmək münasibətlərinin rəsmiləşdirilməsi probleminə ciddi yanaşmasını mən bu sahədə dövlətin atdığı və bundan sonra atacağı addımların uğur qazanmağına mümkün olan ən böyük dəstək hesab edirəm.
Fürsətdən istifadə edib mətbuatın rolunu da ayrıca vurğulamaq istərdim. Arzu edirəm ki, media qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün başlanmış mübarizənin uğurla həyata keçirilməsinə öz köməyini əsirgəməsin.

Ötən il koronavirusla bağlı həkimlərin 2-3 min manat əlavə bonusları olub - Agentlik
Ötən il koronavirusla bağlı həkimlərin 2-3 min manat əlavə bonusları olub - Agentlik
Bakı Türk Anadolu Liseyində Müstəqillik və Uşaq bayramı qeyd edilib (FOTO)
Bakı Türk Anadolu Liseyində Müstəqillik və Uşaq bayramı qeyd edilib (FOTO)
Bu tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb
Bu tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb
Loading Bars
Xəbər lenti
Ötən il koronavirusla bağlı həkimlərin 2-3 min manat əlavə bonusları olub - Agentlik
Bakı Türk Anadolu Liseyində Müstəqillik və Uşaq bayramı qeyd edilib (FOTO)
Bu tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb
ASAN xidmət rəhbəri Daşkənd Hüquq Forumunda çıxış edib (FOTO)
Dövlət Turizm Agentliyi Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil edib (FOTO)
Hüseynbala Mirələmov YAP-dan xaric edildi
Tahir Budaqov “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyi İdarə Heyətinin bir qrup üzvü ilə görüşüb
DİM abituriyentlərə müraciət edib
“AccessBank” birinci rüb ərzində kredit portfelini 18 milyon artırıb
Vətəndaşlara peyvənd vuran həkimlərə əlavə əməkhaqqı hesablanmır - Agentlik
Biləsuvarda yas mərasimi təşkil edən şəxs cərimələndi
MSK üzvlüyünə namizədlərin siyahısı müəyyənləşib
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının iclası keçirilib
"YAŞAT" Fondu daha 3 qazinin əməliyyat xərclərini ödədi (FOTO)
FHN Şuşada yanğın təhlükəsizliyi barədə tədbir keçirdi
AzMİU “Times Higher Education Impact Rankings 2021” reytinq cədvəlində dünyanın ən yaxşı universitetləri arasında
"Twitter"in işində nasazlıq yaranıb
YAP İdarə Heyəti MSK üzvlüyünə namizədləri təsdiqlədi
Bakıda daha bir küçə təmir edilib (FOTO)
Miqrasiya Xidməti Azərbaycanda müvəqqəti yaşayanlara xəbərdarlıq edib
Bakı Ali Neft Məktəbinin tələbələri “Enactus Azərbaycan Yaz Məktəbi” layihəsində qalib oldu
Universitetlər irəliyə getmək üçün müvafiq səlahiyyətlərə malik olmalıdır - Rektor
İranda ötən sutka 380 nəfər koronavirusdan ölüb
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
Şəmkirdə toy yarımçıq dayandırılıb, 6 nəfər cərimələnib (FOTO)
Dini etiqad azadlığı sahəsində qanunvericilik təkmilləşdirilir
Ümid etmək istərdik ki, ABŞ administrasiyası tarixi səhvə yol verməyəcək - Hikmət Hacıyev
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İtaliyada nəqliyyat işçiləri peyvənd tələb edir - 8 saatlıq tətil başlayıb
Azərbaycanda dövlət sosial sığorta şəhadətnaməsi ləğv edildi
Şərtləri Azərbaycan diqtə edir: Ermənistanın Zəngəzur dəhlizini açmaqdan başqa çarəsi yoxdur – Videolayihə
Qarabağda subartezian quyuları qazılacaq
Bədii gimnastika üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb
Fransanın həmsədrliyi tərk etməsi daha yaxşı olardı - Senat üzvü
Almaniyanın Azərbaycana qarşı növbəti qərəzi - "Bu, ən böyük riyakarlıqdır" - ŞƏRH
25 subartezian quyusunun qazılması üçün 1,75 milyon manat ayrılıb - Sərəncam
İşə qəbul zamanı sosial sığorta şəhadətnaməsi tələbi ləğv edildi
Azərbaycanda müharibə veteranlarının vahid informasiya bazası yaradılacaq
Şəhidlər və ailə üzvləri barədə vahid informasiya bazası yaradılacaq - Dəyişiklik təsdiqləndi
Milli Məclis İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatını qəbul edib
Bu il 64 min hektara yaxın sahədə pambıq çiyidi səpilib
“Startap” şəhadətnaməsi üçün müraciətlərin qəbuluna başlanılıb
Abşeron yatağında son həftələr işin sürəti azalsa da, qrafikə uyğun gedir - Əməliyyat şirkəti
Sabah Bakıda 20, rayonlarda 27 dərəcəyədək isti olacaq
İyundan başlayaq turizm sektorunda canlanma gözlənilir - Şirkət rəhbəri
INTERACT Online ikinci mövsümü ilə qayıdır (VİDEO)
Məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda qeyri-büdcə təşkilatlarının payı artıb - Nazir
Polşa səfiri Rusiya XİN-ə çağırılıb
"YAŞAT" Fondu bu günə kimi 6 minə yaxın şəxsi öhdəliyə götürüb
İnsan alveri ilə məşğul olan 3 cinayətkar qrup zərərsizləşdirilib - Nazir müavini
Ərazilərin bərpası və inkişafı ümummilli məsələdir və bu planlı şəkildə aparılır
Bu saytlara girməyin - Dələduzlarla bağlı xəbərdarlıq
I sinfə qəbulla bağlı Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərəcək
Unibank birinci rübü mənfəətlə başa vurub (FOTO)
YARAT möhtəşəm layihəyə başlayır - birinci Bakı Beynəlxalq küçə fotoqrafiyası festivalı
Uşaqlara siqaret satan 1568 şəxs məsuliyyətə cəlb olunub
Bakı sakinlərinə xəbərdarlıq - Geniş dezinfeksiya işləri olacaq
ABŞ qondarma "erməni" soyqırımını tanısa, Türkiyə ilə gələcək münasibətlərini təhdid altına alacaq - Politoloq
60-dan çox avtomobil hərraca çıxarılacaq
Beynəlxalq sərnişin və yük daşımaları ilə bağlı yeni qərar verilib
“Ucuzluq”larda işçilər qeyri-rəsmi əməyə cəlb edilib - Vergi Xidməti
İnsan alveri qurbanına çevrilmək riskləri artıb - Nazir müavini
ADU-nun Konfutsi İnstitutu "Sumqayıt - uzaq Şərqdə yaxın dost" adlı tədbir keçirib
Gələcəkdə növbəti dalğalar qaçılmazdır - TƏBİB rəsmisi (VİDEO)
Azərbaycanda dövlət strukturlarının informasiya sistemləri "Hökumət buludu"nda yerləşdirilib
Azər Türk Bank xidmət şəbəkəsini yeniləyir
Xaricdə təhsil almaq ilə maraqlanırsınız? (FOTO)
Milli Məclisin növbəti plenar iclası başladı
Azərbaycanda gender bərabərliyinin hüquqi əsasları daha da möhkəmləndirilir - Könül Nurullayeva (VİDEO)
Ötən gün ölkədə 16 yanğın olub, 3 azyaşlı xilas edilib
Hindistanın baş naziri iqlim və təmiz enerji üzrə Hindistan-ABŞ tərəfdaşlığını elan edib
Cəlilabadda müğənnini öldürüb kanala atan məmurlar həbs edildi
Azərbaycan nefti ucuzlaşıb
Məcburi köçkünlər arasında Qarabağa qayıdışla bağlı onlayn-sorğu başa çatır
Hindistanda koronavirusa yoluxma və ölüm sayı rekord vurub
"Azercell"in sürətli mobil interneti yerin üstünü də altını da əhatə etməyə davam edir
Ötən gün evdən çıxan daha 7 koronavirus xəstəsi saxlanılıb
Gəncədə erməni terroru nəticəsində dağılan evlər bərpa olunur (FOTO)
Saatlıda yol polisi reyd keçirdi, 44 sürücü məsuliyyətə cəlb edildi
Zəngilan rayonunun Nəcəflər kəndi (VİDEO)
Bu gün 17 mindən çox şagird buraxılış imtahanı verəcək
Aprelin 23-də xarici valyutaların manata qarşı məzənnələri
Daha bir avtobus "BakıKart"a keçdi
Bakıda iki minik avtomobili toqquşub, 2 nəfər ölüb
Yay fəslinin yaxınlaşması bağ evlərinin qiymətini artırıb
Ərəb koalisiyası husilərin iki minalanmış dronlarını dəf edib
Kamçatkada bir neçə saat ərzində üç zəlzələ baş verib
Türkiyədə son sutkada koronavirusdan 65 593 nəfər sağalıb
Aralıq dənizində 130-a yaxın miqrant qayığın aşması nəticəsində öldü
ABŞ-ın İraqdakı hərbi düşərgəsi yaxınlığında bir neçə raket partlayıb
Dünyada ötən sutka koronavirusa 874 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bayraktar Akıncı TİHA PUA-sı ilk atəş sınaqlarını uğurla tamamladı
"Milan" Zlatan İbrahimoviçlə müqavilənin uzadıldığını açıqlayıb
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Yol polisi Daşkəsəndə reyd keçirib (FOTO)
Kanada gələn həftə 300 min doza "Johnson & Johnson" peyvəndi alacaq
Azərbaycanlı idmançı çoxnövçülükdə bədii gimnastika üzrə Avropa çempionatının finalına çıxıb
Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
"Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
Sumqayıtda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib
Bütün xəbərlər